DİN Sabirabadda baş verən ölüm hadisəsinə münasibət bildirdi

DİN Sabirabadda baş verən ölüm hadisəsinə münasibət bildirdi

"Azadlıq" qəzetinin 09 aprel 2013-cü il tarixli sayında "Heydər Əliyevin yubiley tədbirində faciə" başlıqlı yazıda Sabirabadda əhalini şoka salan qeyri-adi olayın baş verməsi, rayonun Mədəniyyət Mərkəzində Heydər Əliyevin 90 illik yubiley tədbiri zamanı guya ölüm hadisəsinin baş verməsi, lakin buna baxmayaraq rayon rəhbərliyinin həmin tədbiri davam etdirməsi barədə iddialar tamamilə yalandır və təxribat xarakterli dezinformasiyalardır.

Bu məlumatı DİN-in Mətbuat Xidməti yayıb. Şöbə rəisi Orxan Mansurzadə araşdırmalardan sonra verdiyi açıqlamada bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş böyük tədbirlərdən biri də aprelin 9-da Sabirabad rayonunun Mədəniyyət Mərkəzində keçirilib. Yüksək səviyyədə təşkil olunmuş həmin tədbirdə rayon rəhbərliyi, çoxsaylı ictimaiyyət nümayəndələri, qonaqlar da fəal iştirak etmiş, orada yubiley toplantısının mahiyyətinə və xarakterinə xələl gətirəcək heç bir olay, yaxud insident baş verməmişdir.

Lakin iştirakçılardan birinə istinadən sözügedən tədbir başlar-başlamaz guya bədbəxt hadisənin baş verməsi – mərkəzin yubiley toplantısını elektrik enerjisi ilə təmin etməyə məsul olan elektrikini cərəyanın vuraraq öldürməsi barədə həmin yazıda yer almış yanlış məlumatın mənbəyi barədə qısa bir araşdırmanın aparılması həmin təxribatın mahiyyətinə aydınlıq gətirdi.

Biz təqdimatının qeyri-obyektivliyinə, qərəzliyinə və yanlışlığına görə həqiqətən də oxucuları şoka salacaq, məqsədyönlü şəkildə dövriyyəyə buraxılmış, məlum yubiley tədbiri ilə heç bir bağlılığı olmayan bir bədbəxt hadisənin bilərəkdən və dəhşətli dərəcədə təhrif olunması faktı ilə üz-üzəyik. Həmin fakt isə cari il aprelin 8-dən 9-na keçən Sabirabad rayonu ərazisindəki elektrik yarımstansiyasında elektrik cərəyanının vurması nəticəsində rayon sakini Elnur Xəlilovun dünyasını dəyişməsi hadisəsidir. Kimdir Elnur Xəlilov? Sözügedən elektrik yarımstansiyasına gecənin bir aləmində oğurluq etmək məqsədilə daxil olmuş, insan həyatı üçün böyük təhlükəni və ölüm riskini gözə alaraq yüksək gərginlikli transformatorlardan mis sarğıları açıb aparmaq istəyən, lakin elektrik cərəyanının öldürücü şiddətinə tuş gələrək elə oradaca canını tapşırmış zavallı bir şəxs. 37 yaşlı bu şəxs dəfələrlə oğurluq, xüsusən də naqil oğurluğuna görə məhkum olunmuşdu. Lakin başına gələnlərdən E.Xəlilovun özü üçün lazımi nəticə çıxarmaması sonda onun həyatını itirməsi ilə nəticələndi. E.Xəlilovun faciəli şəkildə ölüm xəbəri aprelin 9-da günortadan sonra məlum olmuş, məsələ rayon polisi və prokurorluğu tərəfindən ətraflı şəkildə araşdırılmışdır.

Ona görə elektrik cərəyanının vurması nəticəsində rayon sakini Elnur Xəlilovun ölməsini kobud şəkildə və qəsdən təhrif etməklə bunu mədəniyyət sarayını enerji ilə təmin edən bir işçinin yubiley toplantısının gedişində elektrik cərəyanı vurması nəticəsində həyatını itirməsi kimi təqdim etmək ictimaiyyəti aldatmağa, rayonun icra, digər dövlət qurumları barəsində bilərəkdən mənfi rəy formalaşdırmağa yönəlmiş bir cəhd, müasir jurnalistikanın peşə-etik qaydaları ilə bir araya sığmayan hərəkət kimi qiymətləndirilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə