Lənkəran Sərhəd Dəstəsində Ulu Öndərin 90 illik yubileyi qeyd olunub

Lənkəran Sərhəd Dəstəsində Ulu Öndərin 90 illik yubileyi qeyd olunub

Aprelin 12-də Dövlət Sərhəd Xidmətinin Lənkəran Sərhəd Dəstəsində ümummili lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə konfrans keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev açıb.

Bildirib ki, bəşər tarixi müxtəlif liderlik nümunələri ilə zəngindir. Lakin bütün dövrlər üçün və bütün xalqın lideri olmaq siyasət tarixinin unikal hadisələrindəndir. Xalqımızın böyük oğlu Heydər Əliyev məhz bu cür fenomenal xüsusiyyətlərə malik lider idi. Heydər Əliyevin parlaq fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib.

Sonra hərbi hissə komandiri polkovnik-leytenant Elşən Mirzəyev, millət vəkili Aydın Mirzəzadə, Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov, Lənkəran Dövlət Universitetinin baş müəllimi Kamal Mahmudov çıxış edərək Ulu Öndərin xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıblar. Çıxışlarda qeyd olunub ki, müasir dövrümüzdə ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni həyatının elə bir sahəsi yoxdur ki, onun inkişafı ümummilli liderin adı ilə bağlı olmasın. Xüsusi olaraq vurğulanıb ki, uzaqgörən sərkərdə imzaladığı fərman və sərəncamlarla, DSX-nin rəhbər heyəti ilə keçirdiyi görüşlərdə söylədiyi dərin məzmunlu çıxışlarla milli sərhəd siyasətimizi formalaşdırıb, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən edib. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan AR prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsidir.

Konfrans rejissor V.Mustafayevin Ulu Öndərə həsr etdiyi "General" sənədli filminin nümayişi ilə başa çatıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə