Zakir Qaralov Çinin baş prokuroru ilə görüşüb FOTO

Zakir Qaralov Çinin baş prokuroru ilə görüşüb FOTO

Azərbaycan Respublikasının Baş Prokurorluğunda Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib və müzakirələrin nəticəsi olaraq ölkələrimizin prokurorluq orqanları arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən "Anlaşma Memorandumu" imzalanıb. Baş Prokurorluqdan SİA-ya verilən xəbərə görə, görüşdə Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Cin xalqının ümummilli liderləri Heydər Əliyev və Dzyan Dzemin, sonrakı illər ərzində isə dövlət başçıları cənab İlham Əliyev və cənab Hu Cintaonun misilsiz xidmətlərini xüsusi qeyd edib.

Diqqətə çatdırılıb ki, Çin Xalq Respublikası Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olmaqla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib, öz mövqeyini beynəlxalq qurumlarda bildirmiş, Azərbaycanın BMT-nın Təhlükəsizlik Şurasına üzv seçilməsini qətiyyətlə dəstəklənib.

Azərbaycan Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında Beynəlxalq Prokurorlar Assosiasiyası və İAACA çərçivəsində həyata keçirilən əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması və bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə, 2006-cı ildə İAACA-nın yaradılması zamanı Azərbaycan bu təşəbbüsü fəal surətdə dəstəkləyib və bu gün də ölkəmiz həmin təşkilatın işində fəal iştirak edir. 2008-ci ilin mart ayında İAACA-nın İcraiyyə Komitəsinin iclasının və beynəlxalq konfransın Bakıda keçirilməsi və həmin təşkilatın vitse-prezidenti ölkəmizin ədliyyə naziri Fikrət Məmmədov olması müsbət hal kimi dəyərləndirilib. Azərbaycan Prokurorluğunun struktrunda Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılmasını və son illər ərzində bu sosial bəlaya qarşı mübarizə sahəsində həmin qurum tərəfindən görülən işləri diqqətə çatdıran Baş prokuror bu sahədə zəruri məlumatları özündə əks etdirən sənədləri qonaqlara təqdim edib.

Görüşdə çıxış edən Çin Xalq Respublikası Ali Xalq Prokurorluğunun Baş prokuroru Çao Dzyamin göstərilən yüksək qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib, ölkəmizin prokurorluq orqanları ilə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasında böyük maraqlarının olmasını diqqətə çatdırıb. Azərbaycan və Çin arasında əlaqələrin sıx olduğunu bildirən qonaq respublikamızın çox qısa zamanda yüksək nailiyyətlər əldə etməsini xüsusi qeyd edərək, məhkəmə sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılıb, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, iki ölkənin prokurorluq orqanları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Qonaqlar daha sonra Azərbaycan Respublikası Prokurorluğunun Tarix muzeyi ilə tanış olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə