Xəzərin problemləri müzakirə edildi

Xəzərin problemləri müzakirə edildi

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Qazaxıstan prezidenti yanında Strateji Araşdırmalar İnstitutunun birgə təşkilatçılığı ilə "Xəzər regionunda iqtisadi əməkdaşlıq və tranzit marşrutları" mövzusunda dəyirmi masa keçirilib. SİA xəbər verir ki, SAM-in direktoru Fərhad Məmmədov Qazaxıstan və Azərbaycan arasında əsas mövzulardan birinin Xəzər dənizində təhlükəsizliyin təmin edilməsi olduğunu deyib.

Onun sözlərinə görə, Xəzər dənizi Azərbaycanın Mərkəzi Asiyaya çıxışına imkan verir, eyni tarixə malik xalqları birləşdirir, lakin ortaq təhlükələr də mövcuddur: "Bu sahədə qaçaqmalçılıq kimi təhlükəni misal kimi göstərə bilərik".

Xəzər dənizinin Azərbaycan üçün strateji əhəmiyyət kəsb etdiyini deyən F. Məmmədov bildirb ki, bu dəniz vasitəsilə yük daşımaları artıb: "Qazaxıstandan Azərbaycan vasitəsilə dünya bazarlarına mallar nəql olunur və bu amillər iki qardaş türk dövləti arasında əməkdaşlığı daha da inkişaf etdirməyə zamin yaradır".

Qazaxıstanın Strateji Araşdırmalar İnstitutunun rəhbəri Bulat Sultanov bildirb ki, iki ölkə artıq müəyyən uğurlara nail olub: "Biz Azərbaycanla hər cür əməkdaşlığa hazırıq və ilk növbədə regional nöqteyi-nəzərdən ekoloji, təhlükəsizlik, Xəzərlə bağlı məsələləri müzakirə etməliyik. Azərbaycan və Qazaxıstan inkişaf edən ölkələr kimi dünyada baş verən proseslərə ortaq yanaşma hazırlaya bilər. Xəzərlə bağlı problemlər onun sahilində yerləşən ölkələrin ortaq problemləridir və öz maraqlarına uyğun olaraq onları həll edə bilərlər".

Azərbaycanda qonaq olan Bulat Sultanov qeyd edib ki, may ayının 10-da Astanada Heydər Əliyevin 90 illiyi ilə əlaqədar tematik sərgi və tədbirləri keçiriləcək.

Qeyd edək ki, tədbirdə iştirak edən iki ölkənin nümayəndələri "Xəzər dənizinin Azərbaycan üçün əhəmiyyəti və regional əməkdaşlığın milli perspektivləri", "Qazaxıstan və Xəzər regionunda təhlükəsizliyə potensial təhdidlər", "Xəzər dəhlizi: Şərq və Qərb arasında ticarət və enerji ixracı üçün artan əhəmiyyəti", "Xəzər regionunda iqtisadi əməkdaşlığın inkişafı: Qazaxıstanın baxışı" mövzularında müzakirə aparıblar.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə