Aprelin 9-da Bakıda və Abşeron yarımadasında müşahidə edilən temperatur iqlim normasından 8,2 dərəcə yüksək olub. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında dünən havanın temperaturu 19-24 dərəcə olub. Bu ərazidə küləkli hava şəraiti əsasən dünən axşam, gecə və bu gün səhər saatlarında müşahidə edilib. Artıq bu gün axşama doğru küləyin mülayimləşəcəyi gözlənilir.
Aprelin 10-dan 11-nə keçən gecə Bakıda və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacaq, yağıntılar səhər tədricən kəsiləcək. Gün ərzində havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 6-9, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Aprelin 12-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-9, gündüz 14-19 dərəcə isti təşkil edəcək.
Verdiyev bildirib ki, əvvəlki günlərlə müqayisədə aprelin 9-da axşamdan başlayaraq havanın temperaturu enib. Ancaq aprelin 11-12-də gündüz saatlarında gözləniləcək temperatur iqlim normasından yenə də yüksək olacaq.
Aprelin 11-12-də Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 5-10, gündüz 18-23, bəzi yerlərdə 26, dağlarda gecə 3-8, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB