"Azərbaycanda bütün mədəniyyətlərə hörmət hissi ilə yanaşılır” FOTO
2013-cü ilin martında ABŞ-a səfər etmiş Azərbaycan nümayəndə heyəti Kaliforniya ştatı Senatının və Beynəlxalq Əlaqələr Fondunun qonağı olub. Şimali Kaliforniyada ən çox oxunan VOICE jurnalının aprel sayında Azərbaycan nümayəndə heyətinin üzvləri ilə "Azərbaycanın nümayəndə heyəti ABŞ və İsrailə dostluq ifadə etmişdir" adlı müsahibə dərc edilib.
Azərbaycan Respublikası Parlamentinin Xarici və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri, professor Səməd Seyidov müsahibəsində Azərbaycanla İsrail arasında təhsil, ticarət və siyasi sahədə mövcud olan sıx əlaqələrin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır: "Yəhudi mədəniyyəti bizim milli irsimizin bir hissəsidir, çünki əsrlər boyu yaxşı və çətin günlərdə yəhudilər bizimlə birlikdə olmuşlar".
O, İsrail Prezidenti Şimon Peresin Azərbaycana səfərini, yerli universitetlərdən birində Yəhudi Araşdırmaları proqramının, ölkədə ən böyük və nüfuzlu mərkəzlərdən biri olan İsrail mərkəzinin açılmasını xatırladıb. "Mən həmişə yəhudi xalqına hörmət etmişəm, onlar da mənə hörmət ediblər. Biz mədəniyyətlərin qarışığıyıq. 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra müstəqilliyini əldə etmiş Azərbaycan, Rusiya və İran arasında yerləşən dünyəvi dövlətdir. Ölkədə bütün mədəniyyətlərə hörmət hissi ilə yanaşılır", - deyə S.Seyidov qeyd edib.
10 milyonluq əhalisinin əksəriyyəti müsəlmanlar olan ölkədə 35 000 yəhudi yaşayır, onlar əsrlər boyu burada yaşamış və heç vaxt sıxışdırılmamışlar. Ölkədə 6 yeni sinaqoq tikilmişdir. Bunlardan biri regionda ən böyük sinaqoqdur. Azərbaycan Parlamentinin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib: "Avropada qırğınlar olanda yəhudilər Azərbaycana gəlmişlər. Biz yəhudiləri İspaniyadan qorumuşuq. 2000 ildən çoxdur ki, bizdə yəhudi icması var, bu, dünyada ən qədim yəhudi icmalarından biridir".
Azərbaycan İsrailin iqtisadi tərəfdaşıdır, ölkələr arasında illik ticarətin həcmi 4 milyard dollardır, İsrailin neft məhsullarına tələbatının 60%-ni Azərbaycan ödəyir. Azərbaycanın ən böyük şirkəti və İsrail, Gürcüstan, Türkiyə, Rumıniya, İsveçrə, Ukrayna daxil olmaqla digər ölkələrdə ən böyük investoru olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Xalik Məmmədov müsahibəsində deyib: "Bizim əsas məqsədimiz yerli bazarları öyrənmək, neft şirkətlərini irəli çəkmək, investisiya mühitini araşdırmaqdır".
Səməd Seyidov daha sonra qeyd edib: "Azərbaycan Kaliforniyadan çox uzaqdır, amma həm də yaxındır, çünki bizim demokratiya uğrunda, İslam fundamentalistləri ilə mübarizə və daha dünyəvi dövlət olmaq istəyi kimi ortaq dəyərlərimiz var. Biz eyni şər qüvvəyə qarşı duran, ortaq dəyərlərə malik olan iki dostuq. Biz səylərimizi birləşdirməli və dünyaya kim olduğumuzu göstərməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB