Pensiyalar qarşıdakı iki ay ərzində artırılacaq

Pensiyalar qarşıdakı iki ay ərzində artırılacaq

"Pensiyalar qarşıdakı iki ay ərzində artırılacaq". SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Xaçmazda Şimal bölgəsindən olan vətəndaşları qəbul edərkən bildirib.

Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon şöbəsinə toplaşan Şabran, Quba, Qusar və Xaçmaz rayonlarından olan sakinlərin müraciətləri əsasən, pensiyaların verilməsi ilə bağlı prosedur qaydalar, pensiyaların həcmi və staja görə əmək pensiyalarının hesablanması ilə bağlı idi.

DSMF-nin sədri Səlim Müslümov vətəndaşları fərdi qaydada qəbul edərək müraciətlər əsasında yerli təşkilatların nümayəndələrinə konkret tapşırıqlar verdi. Fondun sədri həmçinin daxil olan bəzi müraciətlərin müvafiq dövlət qurumlarının iştirakı ilə araşdırılacağını da vurğuladı.

Qeyd edək ki, görüşdə 30-a yaxın müaricətə baxıldı. Səlim Müslümov pensiya sənədlərinin qəbulunun sadələşdirilməsi məqsədilə tezliklə avtomatlaşdırılmış qaydaların tətbiq olunacağını da bildirdi. Belə ki, vətəndaş artıq rayon təşkilatına gəlmədən internet vasitəsilə müraciət edərək pensiyaya çıxmaq imkanı qazanacaq.

Fondun sədri pensiyaçılara müjdə də verdi: "Pensiyalar qarşıdakı iki ay ərzində artırılacaq".

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə