"Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu"

"Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu"

Bu gün Bakı Dövlət Universitetində (BDU) Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq Münasibətlər İnstitutnun Beynəlxalq hüquq kafedrasının professoru Arif Quliyevin "Beynəlxalq terrorizmlə mübarizədə prezidentlik institutu (Ukrayna və Azərbaycan Respublikasın qanunvericiliyinin müqayisəli hüquqi təhlili)" adlı kitabının təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, kitab beynəlxalq terrorizmin qarşısının alınmasından bəhs edir: "Mövzu bu gün üçün çox aktualdır və bu kitabda terrorizm beynəlxalq hüquq üzrə izah edilir. Müəllifin yazdığı monoqrafik əsəri yüksək qiymətləndirirəm və düşünürəm ki, kitabdan dərs vəsaiti kimi istifadə oluna bilər. Ukraynada azərbaycanlı bir şəxsin bu cür vacib və aktual mövzuda əsər yazması fəxr doğurucudur".

Milli məclisin deputatı Eldar İbrahimov da çıxışında bildirib ki, kitab müəllif tərəfindən hüquq elminə verilmiş böyük bir töhfədir: "Sevindirici haldır ki, kitabın təqdimatı məhz azərbaycanlı tələbələrin qarşısında keçirilir və onlar da xaricdə Arif Quliyev kimi savadli, bilikli bir şəxsin olmasilə qürur duyurlar".

Kitabın müəllifi Arif Quliyev isə bildirib ki, hər bir ölkə rəhbərinin qarşısında duran ən vacib məsələlərdən biri də məhz terrorizmlə mübarizədir: "Ümumildə dövlətlər ikili standartları kənara qoyaraq terrorizmlə mübarizə aparsalar bu öz bəhrəsini verəcək".

Tədbir daha sonra iştirakçıların kitab haqqında fikirlərini bölüşməsilə davam edib.

Qeyd edək ki, sözü gedən kitab Rus dilində nəşr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə