"MTRŞ cizgi filmlərinin çəkilişi ilə ciddi məşğul olacaq"

Uşaqlarımız xarici cizgi filmləri əsasında tərbiyə alırlar
"MTRŞ cizgi filmlərinin çəkilişi ilə ciddi məşğul olacaq"

"Televiziya kanallarında uşaqlarla bağlı vəziyyət elədə ürəkaçan deyil. Çox təəssüflər olsun ki, uşaqlarımız xarici cizgi filmləri əsasında tərbiyə alırlar. Bu səbəbdən də Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) cizgi filmlərinin çəkilişi ilə ciddi məşğul olmaq niyyətindədir. Qurum tərəfindən uşaqlarla bağlı cizgi filmlərinin çəkilməsi ciddi şəkildə qaldırılacaq". Bu fikirləri SİA-ya açıqlamasında MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib. Şura sədri bu məsələ ilə bağlı dövlət başçısına müraciət ünvanlanacağını da istisna etməyib.

Cizgi filmlərinin hazırlanması üçün multiplikatorların azlığı ilə bağlı Məhərrəmli bildirib ki, əgər kadr potensialı yoxdursa, telekanallar onların hazırlanmasına fikir verməlidirlər: "Hərhalda milli ruhda cizgi filmlərinin çəkilməsi labüddür. Hər televiziya kanalı ildə bir dəfə cizgi filmi çəksə, 5 ildən sonra bizim 50-yə yaxın cizgi filmimiz olar. Təəssüf ki, televiziya kanalları xaricdən alınan cizgi filmlərini nümayiş etdirməklə işlərini bitmiş hesab edirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə