“ATV İnternational” kanalı ATV-nin tərkibindən çıxarıldı

“ATV İnternational” kanalı ATV-nin tərkibindən çıxarıldı

""ATV İnternational" peyk kanalı "Azad Azərbaycan" (ATV) televiziya kanalının tərkibindən çıxaraq SOCAR Media İctimai Birliyinin tərkibinə keçib". SİA-nın xəbərinə görə, bunu ATV-nin rəhbəri Vüqar Qaradağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, 2000-ci ildən fəaliyyət göstərən "ATV İnternationl" peyk kanalı əsasən Azərbaycan auditoriyasına deyil, dünya auditoriyasına xidmət göstərir. Təbliğat və məlumatlandırma fəaliyyətilə yayıma çıxan kanal SOCAR Media İctimai Birliyinin müraciətilə onun tərkibinə keçib.

Tədbirdə çıxış edən ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov qeyd etdi ki, Dövlət Neft Şirkəti ölkədən kənarda bir çox investisiya layihələri həyata keçirir: "Qərara gəldik ki, şirkət sosial yönümlü layihələr də həyata keçirsin. Artıq SOCAR 1 ilə yaxındır ki, SOCAR Media İctimai Birliyini yaradıb, onun tərkibində jurnal və sayt da fəaliyyət göstərir. Artıq bundan sonra "ATV İnternational"da bu İctimai Birliyin tərkibində fəaliyyət göstərəcək. 10% Azərbaycan dilində və 90% regionun müxtəlif dillərində yayımlanacaq kanalın yüksək səviyyəli fəaliyyəti üçün artıq ən müasir texnologiyalar da sifariş olunub".

X. Məmmədov qeyd edib ki, kanal qeyri-kommersiya təşkilatıdır və büdcəsi ayrılan qrant hesabına formalaşdırılacaq. Kanala jurnalist Azər Xəlilov rəhbərlik edəcək.

Kanalı direktoru həmçinin qeyd edib ki, bundan sonra "ATV İnternational" televiziya kanalı "CBC" (Caspian Broadcasting Company) adlandırılacaq. Kanal milli ideya, tolerantlıq ideologiyası əsasını üstün tutacaq və Azərbaycanın beynəlxalq təbliğatına yer ayıracaq. A. Xəlilov həmçinin qeyd edib ki, hazırda kanalda fars, erməni, rus, ingilis dilləri yayımlanır və bu proses davam edəcək.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə