BDU ilə AMEA arasında Anlaşma Memorandumu imzalanıb

BDU ilə AMEA arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün Bakı Dövlət Universiteti (BDU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutu arasında kadr hazırlığı və elmi-tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Anlaşma memorandumunda BDU-nun "Seysmologiya və yer təkinin fizikası" kafedrasının Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən filialının yaradılması nəzərdə tutulub və filialın əsasnaməsi hazırlanıb.

SİA-nın xəbərinə görə, filialın məqsədi BDU-da tədris prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, tələbə və magistrantlarla inteqrasiyanın gücləndirilməsi, tələbə və magistrantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması, universitet və institut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsini nəzərdə tutur.

İmzalanmada çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov bildirib ki, hər zaman BDU ilə AMEA-nın ayrı-ayrı elmi təşkilatları və institutları arasında kadr hazırlığı, eləcə də elmi-tədqiqat sahələrində əməkdaşlıq edilib.

Onun sözlərinə görə, bu gün AMEA-nın üzvlərindən 179 nəfər Bakı Dövlət Universitetində müəllim kimi çalışır: "Onlardan 51 nəfəri əvəzçi (yarımştat), 128 nəfər isə tam ştatda fəaliyyət göstərir. Bu gün geologiya sahəsində filialın yaradılmasına böyük ehtiyac var idi. Bu baxımda Geologiya İnstitutunun nəzdində yeni filialın yaradılması gələcəkdə kadr potensialının artırılmasına böyük təkan verəcək".

AMEA-nın prezident əvəzləyicisi, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib ki, Azərbaycan elmi günü-gündən inkişaf edir. Onun sözlərinə görə, buna uyğunlaşmaq üçün gənclər müasir elmin ən qabaqcıl istiqamətində kompyuter texnologiyalarını qavraya və elmdə çalışarkən onları istifadə etməyi bacarmalıdırlar.

A.Əlizadə həmçinin qeyd edib ki, BDU-nun kafedrasının Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən filialının yaradılması bu sahənin inkişafına müsbət təsir göstərəcək.

Qeyd edək ki, tədbirdə həmçinin, BDU ilə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu arasında əməkdaşlıq haqqında müqaviləsi imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə