İlk Yaz Məktəbi FOTO

Yeni Azərbaycan Partiyası (YAP)Xəzər rayon Təşkilatı tərəfindən Xaçmaz rayonu Palma İstirahət Mərkəzində YAP Xəzər rayon Gənclər Birliyi üçün 5-7 aprel tarixlərində Yaz məktəbi təşkil olunu. SİA-nın məlumatına görə, Yaz məktəbi layihəsi ilk dəfə olaraq həyata keçirilir. Bu layihə Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Layihədə həmçinin bu ilki prezident seçkiləri ilə bağlı görüləcək tədbirlər və gənclərin ictimai-siyasi fəaliyyəti də nəzərdə tutulub.

YAP Xəzər rayon Gənclər Birliyi 5.04.2013 tarixində Xaçmaz rayonun fəal gəncləri ilə görüş keçirildi. Görüşdə Xaçmaz rayon Gənclər Birliyinin ictimai-siyasi fəaliyyəti, region gənclərinin həyata keçirdikləri layihələr ətrafında müzakirələr keçirilib. Görüşdə həmçinin bu ilki prezident seçkilərilə bağlı görüləcək hazırlıq prosesləri də müzakirə olunub. Daha sonra region gəncləri ilə birgə şəhərlə tanışlıq olub.

Şəhərlə tanışlıqda gənclərimiz Xaçmaz rayon Heydər Əliyev Mərkəzində, Şəxsiyyətlər Muzeyində, Xalça Muzeyində, İlham Bulağında olublar və həmçinin rayonun yenidənqurma işləri ilə tanış olublar. Daha sonra Heydər Əliyev Parkında gənclərin şəhərlə tanışlığı davam etdirilib. Bununla yanaşı, gənclərə Xaçmaz şəhərinin sürətli inkişafı, yenidənqurma işləri barədə məlumat verilib, həmçinin Xaçmazın bu il Əfsanlər şəhəri seçilməsi barədə də məlumat verilib.

Şəhərlə tanışlıqdan sonra gənclər arasında müxtəlif idman oyunları və intellektual yarışlar keçirilib.

6.04.2013 tarixində partiya rəhbərləri və Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, eyni zamanda parlamentin İntizam komissiyasının sədri Siyavuş Novruzovun iştirakı ilə gənclərlə görüş keçirilib. Görüşdə ilk olaraq Ümummilli Lider Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri, onun müdrik siyasəti, tarixi uzaqgörənliyi, müasir Azərbaycan dövlətinin qurulmasında və xalqımızın müstəqillik arzusuna çatmasında gördüyü müstəsna xidmətlərindən danışılıb.

Eyni zamanda Ümummilli Lider Heydər Əliyevin 90 illiyilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən keçiriləcək tədbirlər haqqında məlumat verilib. Daha sonra Xaçmaz rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən görülən işlər barəsində məlumat verilib. Gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına, ölkəmizin beynəlxalq aləmdə təbliğinə yönəlmiş layihələrin dəstəklənməsi məqsədilə cənab Prezidentin imzaladığı sərəncamlardan geniş şəkildə danışılıb.

Daha sonra Milli Məclisin deputatı Siyavuş Novruzov bu ilki Prezident seçkiləri ilə bağlı məlumat verərək bildirib ki, ölkəmizdə seçkilər tam müasir formada, şəffaflığın qorunması ilə keçirilir. O, dövlət başçısının müasir Azərbaycanın formalaşmasında, sabitliyin və sülhün qorunmasında, əhalinin sosial durumunun yaxşılaşdırılmasında, ölkəmizin beynəlxalq arenada nüfuzunun artmasında həyata keçirdiyi xidmətlərindən danışıb.

Siyavuş Novruzov həmçinin dünya iqtisadiyyatına uğurlu inteqrasiya, ölkə daxilində iqtisadi liberallaşma, kredit reytinqimizin artması, iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək mövqedə olmasını, büdcəmizin və valyuta ehtiyatlarımızın ildən ilə çoxalmasını da qeyd edib.

Sonda isə gənclərimizin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə