Aprelin 8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu) işə başlayıb. Diskussiya şəraitində keçən müzakirələr xamanı Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin imkanları və real vəziyyət barədə qonaqlara məlumat verib.
İlk sual Avropa və Asiya arasında körpü olan Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinin risk profilinin hansı səviyyədə olması ilə bağlı olub. Digər tərəfdən, neftdən asılılığın azaldılması ilə bağlı proqramlar hansı planları əhatə edir, bundan əlavə, regionda əməkdaşlıq baxımından daha çox hansı model haqqında danışılmalıdır?
Digər sual inteqrasiya prosesində suverenliyin qorunub saxlanması ilə bağlı olub.
Prezident İlham Əliyev suallara cavab verərək deyib ki, Azərbaycan hökuməti üçün son 10 ildə şaxələndirilmə bir nömrəli prioritet olub: "Çünki biz müstəqilliyin əvvəlki mərhələsində sərmayələri cəlb etmək üçün enerji potensialımızı təqdim etməli idik. Biz investorlar üçün çox güzəştli şəraitlər yaratmalı idik ki, onlar özlərini Azərbaycanda rahat hiss etsinlər. Lakin aydın şəkildə anlayırıq ki, yalnız enerji sektorunun inkişafı bizə dəyişikliklərə nail olmaq, iş yerlərini açmaq imkanını yaratmayacaqdır. Çünki enerji sektoru çox sayda iş yerləri açmır. Bilirdik ki, bu, bizə zəngin və yoxsul arasındakı boşluğu aradan qaldırmağa imkan verməyəcəkdir. Buna görə də biz 2004-cü və 2009-cu illərdə iki regional inkişaf proqramını qəbul etdik. Bu proqramların əsas məqsədi şaxələndirmə və infrastruktura, sərmayə, özəl sektorun stimullaşdırılması idi".
Tənzimləmə, liberal islahatlar və sərmayə mühiti bu məqsədə nail olmaqda bizə yardımçı oldu, deyən Prezident əlavə edib ki, Azərbaycan haqqında ən yaxşı statistik məlumatlar yoxsulluğun, işsizliyin azaldılması və qeyri-enerji sektorunun yüksəlməsi idi. Ötən il qeyri-enerji sektorunda artım təxminən 10 faiz olmuşdur. Gələn illər ərzində əminəm ki, şaxələndirmə prosesi uğurla gedəcəkdir. Çünki ölkəmizdə 2020-ci ilə baxış proqramı vardır. Bu, 2020-ci ilə qədər hansı işlərin görülməsini təsvir edən əhatəli və olduqca dəqiq proqramdır. Məqsədimiz gələn 8-9 il ərzində qeyri-enerji sektorunda ümumi daxili məhsulun payının 2 dəfə artırılmasıdır. Artıq dediyim kimi, diqqət yetirdiyimiz sektorlar – informasiya-kommunikasiya texnologiyaları, həmçinin kənd təsərrüfatı, xidmətlərdir. Enerji amilindən asılılığın azaldılması, həmçinin prioritetlərimizdən biridir. Eyni zamanda, aydın şəkildə anlayırıq ki, enerji amili nəinki Azərbaycanın iqtisadi inkişafında, o cümlədən buradakı regional əməkdaşlıqda mühüm yer tutacaqdır. Çünki bu, aparıcı qüvvədir".
İnteqrasiya ilə suverenlik arasında tarazlığa gəldikdə, dövlət başçısı: "Azərbaycanın mövqeyi baxımından bizim üçün suverenlik müzakirə olunmayan məfhumdur. Yüz faizlik suverenlik, bu, mütləqdir. Ola bilsin bu, bizim keçmişimizlə bağlıdır. O vaxtlar Azərbaycan digər imperiyaların, ölkələrin hissəsi olmuşdur. Müstəqilliyimizin yalnız 21 yaşı vardır. Bu səbəbdən bizim üçün siyasi və iqtisadi müstəqillik gələcək inkişaf baxımından ilkin şərtdir. Gəlin bugünkü Azərbaycana və 30-40 və 50 il öncəki Azərbaycana baxın. Bu, gecə ilə gündüzün fərqi kimidir. Ona görə də müstəqillik nəinki milli qürur hissini gətirdi, həmçinin ölkədə gündəlik həyat tərzini yaxşılaşdırmağa imkan yaratdı. Lakin bu, o demək deyil ki, biz ətrafımızda baş verənləri yalnız müşahidə etmək fikrindəyik. Biz regional əməkdaşlıq layihələrində fəal iştirak edirik. Biz regional əməkdaşlıq layihələrinin əksəriyyətini başlatmışıq və bunun faydasını görürük. Zənnimcə, əməkdaşlığın hüdudları suverenliyin azaldılmasına və ya iqtisadi suverenliyimizin bir hissəsinin, dövlət səviyyəsindən yuxarıda duran müəyyən ittifaqlara və ya strukturlara verilməsinə gətirib çıxarmır. Hesab edirəm ki, biz bir tərəfdən regional əməkdaşlıq və inteqrasiya, digər tərəfdən isə suverenliyimiz və seçimimiz arasında lazımi tarazlığı tapmışıq", - bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB