Bakıda keçirilən Dünya İqtisadi Forumunun (Davos Forumu) yekun işçi şam yeməyi olub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Tədbirin aparıcısı, Hollandiyanın Leiden Universitetinin professoru Viktor Halberstadt Forumun yekun işçi şam yeməyi zamanı gün ərzində keçirilən sessiyaların nəticələrinin müzakirə olunacağını bildirib.
Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına təşəkkür etdi. O bildirib ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan doğrudan da, çox böyük nailiyyətlər əldə edib və bu uğurlar bundan sonra da davamlı olacaq. Klaus Şvab yüksək qonaqpərvərliyə görə Azərbaycan xalqına Forum iştirakçılarının minnətdarlığını çatdırıb.
bp şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell Bakıda keçirilən Dünya İqtisadi Forumunda çox əhəmiyyətli müzakirələrin aparıldığını vurğulayıb. bp-nin Azərbaycan ilə 20 ildir tərəfdaşlıq etdiyini vurğulayan Qordon Birrell bu əməkdaşlığın səmərəli dialoq və qarşılıqlı etibar əsasında qurulması və ölkəmizdə hökm sürən siyasi sabitlik nəticəsində bağlanan sazişlərdə indiyədək heç bir dəyişikliyin edilmədiyini diqqətə çatdırıb.
Rusiya Birbaşa İnvestisiyalar Fondunun vitse-prezidenti Piter Sannikov üzvü olduğu işçi qrupunda regionun böyük investisiya layihələri, sərmayə qoyuluşuna mane olan cəhətlər, onların aradan qaldırılması və digər aktual mövzularda maraqlı müzakirələr aparıldığını söyləyib.
York Hersoqu, şahzadə Endryu isə Forumda müasir dövrün qabaqcıl texnologiyalarının tətbiqinin genişləndirilməsi, xüsusilə telekommunikasiya və genişzolaqlı internetdən istifadə, həmçinin sahibkarlıq imkanlarının təşviqi məsələləri barədə aparılan fikir mübadiləsinin önəmini qeyd edib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, bugünkü müzakirələrin mərkəzində regionda tranzit nəqliyyatın genişləndirilməsi, yol infrastrukturuna və logistikaya investisiya qoyuluşu, həmçinin narkotiklərə və qaçaqmalçılığa qarşı mübarizəni gücləndirmək məsələləri dururdu.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı Forumda siyasi liderlər və biznes dairələri arasında işgüzar müzakirələrin aparıldığını vurğulayıb. Prezident İlham Əliyev bununla yanaşı, Azərbaycanda gedən proseslər və Xəzərin enerji ehtiyatlarının hasilatı və nəqli ilə bağlı iştirakçıların daha yaxından məlumatlandırılması baxımından Forumun önəmini xüsusi qeyd edib. Prezident İlham Əliyev müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatında özəl sektorun payının sıfır faiz olduğunu, lakin bu gün bu rəqəmin 85 faizə çatdığını deyib. Dövlət başçısı bp və dünyanın digər nəhəng şirkətləri ilə səmərəli əməkdaşlıq sayəsində Azərbaycanın həyata keçirdiyi böyük layihələrin ölkənin inkişafındakı rolundan danışıb və əlavə edib ki, əldə olunan gəlirlər insan kapitalına - gənclərə, təhsilə sərf edilir.
Monqolustanın xarici işlər naziri Luvsanvandan Bold Dünya İqtisadi Forumunun böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Ölkəsində iqtisadiyyatı şaxələndirmək məsələsinə toxunan Luvsanvandan Bold deyib ki, bu sahədə Azərbaycanın təcrübəsi təqdirəlayiqdir.
Litvanın baş naziri Alqirdas Butkeviçius Forumun təşkilatçılarına minnətdarlığını bildirib və müzakirə olunan mövzuların aktuallığına toxunub. Forumda iştirak etməkdən şərəf duyduğunu deyən Litvanın baş naziri bildirib ki, Azərbaycan bu tədbirə layiqincə ev sahibliyi edir.
Dünya İqtisadi Forumunun idarə heyətinin üzvü və icraçı direktoru Borge Brende bildirib ki, Forumda region ölkələrinin iqtisadiyyatı barədə çox mühüm məlumatlar səslənib. Azərbaycan iqtisadiyyatının uğurlarından danışan Borge Brende deyib ki, bu, prezident İlham Əliyevin siyasi liderliyi nəticəsində mümkün olub. O, Bakı Forumunun Cənubi Qafqaz və Mərkəzi Asiya regionları ölkələrinin iqtisadiyyatının çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB