İmişlidə “Xalq sözü” qəzetinin 80 illik yubileyi qeyd olunub

İmişlidə “Xalq sözü” qəzetinin 80 illik yubileyi qeyd olunub

İmişlidə "Bölgə həyatı və yerli media" mövzusunda "dəyirmi masa" keçirilib. Heydər Əliyev Mərkəzində reallaşdırılan tədbir rayonda nəşr edilən Xalq sözü" qəzetinin 80 illik yubileyinə həsr olunub. Azərbaycan Mətbuat Şurasından (MŞ) SİA-ya bildiriblər ki, mövzu ətrafında müzakirələrdə rayon ictimaiyyətinin nümayəndələri, MŞ-nin, Milli Televiziya və Radio Şurasının təmsilçiləri, ölkədə müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin bölgə müxbirləri iştirak ediblər.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin İmişli şəhərindəki abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Qonaqlara İmişlidə gedən quruculuq işləri barədə ətraflı məlumat verilib. Onlar Şəkər zavoduna və digər sənaye müəssisələrinə baxıb, abadlıq işləri ilə tanış olublar.

Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev bölgə həyatının işıqlandırılmasında yerli KİV-lərin müsbət rolundan danışıb. O, İmişli ilə yanaşı, daha 20 bölgədə, qonşu Türkiyə və İranda oxucuları olan qəzetin tirajının artırılmasının, iqtisadi durumunun yaxşılaşdırılmasının vacibliyini vurğulayıb.

"Xalq sözü" qəzetinin baş redaktoru Səməd İsmayılov ilk nömrəsi 1932-ci ildə "Qaraqoyunlu kolxozu" kimi işıq üzü görən qəzetin 80 ildə keçdiyi yolun mənzərəsini konkret faktlarla canlandırıb. Mətbu nəşrin sonralar "İmişli kolxozçusu", "Yüksəliş", "Qızıl ulduz", Azərbaycanın müstəqilliyinin bərpa olunduğu dövrdən isə "Xalq sözü" kimi 6.900 dəfə oxucuları ilə görüşə gəldiyini bildirən baş redaktor yerli həyatın yüksək peşəkarlıqla qələmə alınmasının, rayonun salnaməsinin yaradılmasının jurnalist kollektivinin daim başlıca qayğısı olduğunu nəzərə çarpdırıb.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, hər bir xalqın taleyində onun mediası mühüm rol oynayır. Vaxtı ilə çar Rusiyasında yaşayan 30 milyonluq müsəlmanın içərisində ilk mətbu orqanı yaratmaq ideyasını məhz azsaylı Azərbaycan xalqının nümayəndəsi gerçəkləşdirib. Bu, görkəmli mütəfəkkir Həsən bəy Zərdabiyə nəsib olub.

Mətbuat tarixindən faktları diqqətə çatdıran MŞ-nin sədri bu gün medianın dördüncü hakimiyyət olaraq ölkədə gedən proseslərə təkan verdiyini, bölgə KİV-lərinin bu sırada yer aldığını vurğulayıb. O, "Xalq sözü"nün ötən müddətdə qarşıya qoyulan missiyanın etibarlı daşıyıcılarından olduğunu söyləyib, vətəndaş cəmiyyəti quruculuğuna istiqamətlənən yolda qəzet kollektivinə yeni-yeni uğurlar arzulayıb.

Sonra MŞ-nin sədri qəzetə rəhbərlik etdiyi qurumun təbrikini, redaksiya kollektivinə və sabiq əməkdaşların bir qrupuna isə Azərbaycan Mətbuat Şurasının diplomlarını təqdim edib.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, bu gün şəhər və kənd anlayışları yavaş-yavaş aradan qalxmaqdadır. Medianın da burada xüsusi rolu vardır. Təbliğat birtərəfli olmamalıdır. Media, o cümlədən yerli qəzetlər də olanları işıqlandırmalıdır. N.Məhərrəmli, həmçinin İmişlidə Aran bölgəsi üzrə telekanalın açılması niyyətinin tezliklə gerçəkləşdirilə biləcəyini vurğulayıb.

İmişlidə jurnalist-ictimaiyyət əlaqələri sahəsindəki vəziyyəti müsbət dəyərləndirən Mətbuat Şurası idarə heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bölgə həyatında kifayət qədər yeniliklərin olduğunu və ölkə ictimaiyyətində maraq doğura biləcək mövzuların çoxluğunu vurğulayaraq yerli jurnalistlərə mövcud istiqamətdə fəallığı artırmağı tövsiyə edib.

"Dəyirmi masa"nın digər iştirakçıları çıxışlarında bir sıra təkliflər səsləndiriblər.

Sonda qəzetin əməkdaşlarına İmişli Rayon İcra Hakimiyyətinin diplom və mükafatları təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə