Prezident: "10 ildə ölkəyə 130 milyard dollar sərmayə yatırılıb"

İlham Əliyev: "Bizim əlverişli coğrafi mövqeyimiz var"
Prezident: "10 ildə ölkəyə 130 milyard dollar sərmayə yatırılıb"

Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ öz iqtisadiyyatının şaxələndirilməsidir. Bu barədə Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunda (Davos Forumu) çıxışı zamanı İlham Əliyev bildirib.

Ölkə başçısı bu tədbirin Bakıda keçirilməsi ilə bağlı təklifi qəbul etdiyi üçün forumun rəhbərliyinə təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti Ümumdünya İqtisadi Forumunda artıq yeddinci dəfədir iştirak edir. Prezident İlham Əliyev bildirib ki, bu iştirak, həmçinin müzakirələrdə iştirak, dünyanın biznes elitası ilə qarşılıqlı təsir bizə ölkə iqtisadiyyatını şaxələndirməyə çox kömək etdi: "Bizim iqtisadiyyat energetika sahəsi ilə bağlı inkişaf etdiyindən və bu sahə xarici sərmayələr üçün daha cəlbedici olduğundan, bizim üçün hazırda əsas məsələ iqtisadiyyatın şaxələndirilməsidir".

Dövlət başçısının sözlərinə görə, bunu etmək üçün Azərbaycan özünü dünyaya, biznes mühitinə yalnız əhəmiyyəli strateji yerdə yerləşən və təbii sərvətlərlə zəngin ölkə kimi yox, həm də islahatlara və şaxələndirmələrə sadiq ölkə kimi tanıtmalıdır: "Ümumdünya İqtisadi Forumunun tədbirlərində olan imkanlar Azərbaycana əvvəllər bu ölkə barədə anlayışı olmayan şirkətlərlə əlaqələri genişləndirməyə kömək edib".

Ölkəmizin nisbətən gənc olduğunu və cəmi 21 ildir ki, müstəqil olduğumuzu vurğulayan Prezident qeyd edib ki, Azərbaycan möhtəşəm tarixi, ənənələri və mədəniyyəti olan ölkədir: "Mən əminəm ki, bizim qonaqlar Azərbaycan haqqında daha çox öyrənmək imkanı əldə edəcəklər".

Prezident İlham Əliyevin sözlərinə görə, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab qeyd edib ki, onun Azərbayacan Respublikasına ilk səfəri 1993-cü ilin martında müstəqil, gənc ölkənin ən çətin vaxtlarına düşüb: "Bizim müstəqilliyimizin iki ildən az təcrübəsi var idi və həmin vaxt Azərbaycanda durum düşünürəm ki, postsovet dövründə ən pis vəziyyət idi. Bizdə daxili toqquşmalar, vətəndaş müharibəsi, Ermənistan Azərbaycan arasında beynəlxalq səviyyədə Azərbaycan əraziləri kimi tanınan 20 faiz torpaqlarımız işğal olunduğu müharibə dövrü idi".

Dövlət başçısının fikrincə, 1993-cü il həqiqətən ölkənin inkişafı üçün dönüş ili olub: "1993-cü ilin ikinci yarısından vəziyyət sabitləşməyə başladı, Azərbaycan özünü beynəlxalq aləmə təqdim etməklə çox ciddi, radikal siyasi və iqtisadi islahatlar keçirməyə başladı".

Bu plan iqtisadiyyatından bazar iqtisadiyyatına, bir partiyalı sistemdən çoxpartiyalı sistemə, totalitarizmdən demokratiyaya keçid idi.

"Mən sizə deyə bilərəm ki, 20 il təbii ki, tarix baxımından elə də böyük dövr deyil, ancaq o eyni zamanda əsl transformasiyalar dövrü olub", - Prezident qeyd edib.

İlham Əliyevin sözlərinə görə, islahatlar prosesinin ilkin mərhələsində Azərbaycan böyük sərmayələr cəlb edə bildi və ölkə energetika sahəsində fəaliyyət gösətərən şirkətlərə Azərbaycana sərmayə yatırdıqlar üçün minnətdardır.

Azərbaycanda enerji sektorunda görülən işlərdən danışan prezident İlham Əliyev bildirib ki, enerji sahəsində bir sıra islahatlar aparılıb: "Bu, bazar iqtisadiyyatına keçid idi. Azərbaycan islahatlara başladığı zaman enerji sektoruna investorları cəlb edə bildi. Sonrakı mərhələdə biz iqtisadi inkişafımızı enerji sahəsindən qeyri-enerji sektoruna yönəltdik. İqtisadi və siyasi islahatlara sərmayə qoyduq və bu proses bu gün də davam edir. Bizim əlverişli coğrafi mövqeyimiz var. Biz karbohidrogen mənbələrimizin çoxşaxəli daşınma marşrutlarını yaratmışıq. Yeddi neft və qaz kəmərimiz var. Eyni zamanda Xəzər sahilindəki digər tərəfdaşlarımıza da onların karbohidrogen ehtiyatlarının daşınmasına dəstək veririk".

Ölkədə yoxsulluq səviyyəsinin azaldığını, inflyasiyanın birrəqəmli səviyyədə olduğunu diqqətə çatdıran prezident son onillikdə ölkə iqtisadiyyatın üç dəfə artdığını bildirib: "Biz bu gün insan kapitalına sərmayə yatırırıq. Təhsilə qoyulan sərmayə bizə iqtisadiyyatımızı bacarıqlı insan kapitalı hesabına inkişaf etdirməyə imkan yaradır. Eyni zamanda İKT-nin inkişafı diqqət mərkəzindədir. Azərbaycanda kosmos sənayesi yaranıb və Azərbaycan kosmik klubun azsaylı üzvlərindəndir".

Prezident qeyd edib ki, son 10 ildə ölkəyə 130 milyard dollar sərmayə yatırılıb: "Bunun da müəyyən hissəsi xarici sərmayədir. Bu isə ölkədəki sabitliyi göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə