Ötən şənbə günü Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin növbəti toplantısında qurumun fəaliyyəti dəyərləndirilmiş, yeni qərarlar qəbul edilmişdir. SİA-ya qurumun mətbuat xidmətindən verilən məlumata görə, təşkilatın 10 illik yubiley tədbirinin yüksək səviyyədə təşkilindən danışan İH üzvləri bu işdə yaxından iştirak etmiş qurum üzvlərinə, özəlliklə də təşkilatın fəallarından olan Şəmistan Əlizamanlı, Mənsurə Rəsulzadə, Könül Vəlibəyli və Səidə Haqverdiyə ayrıca təşəkkür ifadə etmişlər.
Daha sonra CASCFEN üzvlüyü üçün müraciət etmiş 9 nəfərin ərizələri tək-tək nəzərdən keçirilmiş və onların hamısı qurumun üzvləri sırasına qəbul edilmişdir:
Gülnar Məsimli – "Naşir" jurnalının baş redaktoru
İbrahim İlyaslı – Əli Kərim adına Sumqayıt Şəhər Poeziya Klubunun direktoru
Kəbutər Haqverdi – jurnalist, Türkiyə Azərbaycan Birliyinin həmsədri (İstanbul)
Ramilə Qurbanlı – APA TV-nin redaktoru
Samirə Həsənbalaqızı – gənc fəal (Mingəçevir)
Samirə Məmmədhənifəqızı – "Bakı xəbər" qəzeti baş redaktorunun müavini
Şakir Rəhman – müstəqil fotoqraf-dizayner (Sumqayıt)
Türkan Fikrətqızı – Yevlax şəhər B.Səfəroğlu adına xalq teatrının rejissoru
Zülfiyyə Əliqızı – ingilis dili müəllimi (Yevlax)
Bununla da təşkilatın üzvlərinin sayı 102 nəfərə çatmışdır. İH CASCFEN-ə 100-cü üzv kimi qəbul edilən Bəşir Səfəroğlu adına Yevlax Xalq Teatrının rejissoru Türkan Fikrətqızını rəmzi olaraq ayrıca qeyd etmək qərarına gəlmişdir.
Bundan sonra CASCFEN sədri Azər Həsrətin cari ayın sonunda, mayın əvvəllərində Qazaxıstan və Qırğızıstana gerçəkləşdirəcəyi səfər proqramı ətrafında fikir mübadiləsi aparılmışdır. Bu müzakirələr zamanı qurumun Orta Asiya baş təmsilçisi Ramiz Məşədihəsənlinin fəaliyyəti haqqında da danışılmış və onun uğurlu çalışmaları ayrıca vurğulanmışdır.
Toplantıda İH üzvlərinin bölgələrə səfərləri ətrafında fikir mübadiləsi də aparılıb. Qurumun sədri Azər Həsrətin Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Tərtərdə iki günlük treninq aparması, həmçinin sədr müavini Nadir Azərinin Yevlaxda gənclərlə görüşü haqda bilgi verilib.
İH ötən ilin sonunda qəbul edilmiş qərara əsaslanaraq CASCFEN-in 1-ci qurultayına hazırlıq mərhələsinə başlamaq barədə ümumi rəyə gəlmişdir. Qərara alınmışdır ki, qurultay bu il sentyabr ayının 15-də, Bakı şəhərində keçirilsin. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinə gəlincə, İH aprelin 20-dək bu prosesi başa çatdırmağı qərara almışdır. Belə ki, bunun üçün ənənəvi üsuldan imtina edərək təşkilatın bütün üzvlərinə müraciət edilməsi, könüllülük əsasında qurultaya hazırlıq üzrə təşkilat komitəsinin formalaşdırılması qərarlaşdırılmışdır.
Qeyd edək ki, toplantıda CASCFEN sədri Azər Həsrətlə bərabər sədr müavinləri Rey Kərimoğlu və Nadir Azəri, İH üzvləri Nüşabə Hüseynli, Lalə Musaqızı, Səhər Əhməd və Qalib İbrahimoğlu, həmçinin Nəzarət-Təftiş Komissiyasının sədri Sevda Əsgər, CASCFEN Məclisinin katibi Əfsanə Ələsgərli və qurumun üzvü Pərviz Elay iştirak edib. İH üzvləri Ramiz Əskər və Elşad Paşasoy üzrlü səbəbdən toplantıya qatılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB