Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Bakıda səfərdə olan Macarıstanın milli inkişaf naziri Jujanna Nemətin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə Azərbaycanla Macarıstan arasında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda İKT sektorunun hazırkı səviyyəsi, ölkədə kosmik sahənin gələcək inkişaf perspektivləri, "İnformasiya-kommunikasiya texnologiyaları ili" çərçivəsində həyata keçiriləcək yeni layihələr, "Elektron hökumət" layihəsində əldə olunan uğurlar barədə qonaqlara ətraflı məlumat verib. Cari ilin fevralında Azerspace-1 telekommunikasiya peykinin orbitə çıxarıldığını qeyd edən nazir bu peykinin Azərbaycanın gələcək inkişafında mühüm rol oynayacağını vurğulayıb.
Nazir Bakıda ənənəvi olaraq hər il keçirilən Bakutel sərgi-konfransına Macarıstanın müvafiq nazirliyini və informasiya texnologiyaları şirkətlərini dəvət edib. Bildirilib ki, Azərbaycanda Yüksək Texnologiyalar Parkının yaradılması istiqamətin işlər aparılır. Növbəti tədris ilindən İnformasiya Texnologiyaları Universiteti, tezliklə isə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu fəaliyyətə başlayacaq. Əli Abbasov ölkəmizdə bu sahəyə sərmayə qoyulması üçün əlverişli mühitin və geniş imkanların olduğunu diqqətə çatdırıb.
Azərbaycanda İKT sektorunun dinamik inkişafının müşahidə olunduğunu qeyd edən Jujanna Nemət ölkələr arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib. Macarıstanlı nazir İKT sahəsində müsbət nəticələrin əldə olunması üçün kompleks tədbirlərin görülməsinin və birgə əməkdaşlığın vacibliyini vurğulayıb.
Daha sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB