Dövlət Sərhəd Xidmətinin (DSX) Horadiz sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisində yerləşən sərhəd zastavasında "Valideyn günü" keçirilib. SİA-nın Qarabağ bürosu xəbər verir ki, əvvəlcə zastavada xidmət edən hərbi qulluqçular, valideynlər və veteran sərhədçilərlə əsgərlərin çay süfrəsi arxasında görüşü olub. Qonaqlar sonra sərhəd zastavasında yaradılmış xidmət və məişət şəraiti ilə tanış olublar.
Tədbirin rəsmi hissəsində DSX-nin şəxsi heyət üzrə baş idarəsinin rəisi, general-mayor Məhəmməd Abbasquliyev və Horadiz Sərhəd Dəstəsinin rəisi polkovnik-leytenant Zaur Zeynalov çıxış edərək valideyn, əsgər və hərbi hissə arasında əlaqələrin daha da möhkəmləndirilməsində, hərbi kollektivdə sağlam mənəvi mühitin yaradılmasında tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, ölkəmizin sərhədlərinin mühafizəsinə göstərilən dövlət qayğısından, DSX-də gedən inkişafdan, əldə olunan uğurlardan danışıblar. Bildirilib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın sərhəd mühafizəsi bu gün dinamik inkişaf edir, şəxsi heyətinin xidmət və sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, Horadiz sərhəd dəstəsində ötən il 89 mənzilli 4 yaşayış evi, 5 sərhəd zastavası, 1 sərhəd komendantlığı tikilərək istifadəyə verilib. Hazırda bu sahədə işlər davam etdirilir.
Tədbirdə çıxış edən valideynlər sərhəd zastavasında yaradılmış şəraitdən razı qaldıqlarını bildirib, görüşün təşkilatçılarına təşəkkür etmiş, əsgərlərə tövsiyələrini veriblər.
Sonra xidmətdə fərqlənən hərbi qulluqçulara "Xidmətdə fərqlənmiş sərhədçi" döş nişanı, fəxri fərman və qiymətli hədiyyələr, valideynlərə "Təşəkkür məktubları" təqdim edilib.
Qonaqlar zastavanın şəxsi heyəti ilə birgə nahar ediblər.
Tədbir hərbi hissənin bədii özfəaliyyət kollektivinin hazırladığı konsert proqramı ilə başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB