Elşad İskəndərov Qubada vətəndaşları qəbul edib

Elşad İskəndərov Qubada vətəndaşları qəbul edib

Ölkə başçısı İlham Əliyevin verdiyi fərmana əsasən, Nazir və komitə rəhbərlərinin aprelin 5-dən etibarən bölgələrə səfərləri başlayıb. Bu səfərlər çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu gün Qubada vətəndaşları qəbul edib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Komitə sədri Bəşir Səfəroğlu adına Mədəniyyət evində bölgəsinin dini iş adamlarını və sakinlərini qəbul edib. Görüşdə islam dini icmalarının nümayəndələri, ayrı-ayrı kəndlərdə mövcud məscidlərin din xadimləri iştirak edib. Bununla yanaşı rayon sakinləri Komitə sədrinə onları maraqlandıran məsələlər və mövcud qayğılarla bağlı müraciət ediblər.

Görüşdə bildirilib ki, dini etiqad azadlığına təkcə sözdə yox, həm də praktikada geniş imkanlar yaradılıb. Dövlət sözün əsl mənasında, vicdan azadlığının təminatçısına çevrilib. Quba - Xaçmaz zonasında fəaliyyət göstərən din xadimləri dərk edir ki, əhalinin böyük əksəriyyətinin məlumatlı olmadığı müxtəlif yönümlü, Azərbaycan üçün xas olmayan dini əqidələr, qeyri-ənənəvi dini cərəyanlardan törənmiş sektalar cəmiyyətə nüfuz edir. Müxtəlif yollarla insanların şüuruna və qəlbinə yol tapır.

Bütün bu ziddiyyətli prosesin müvafiq qanunvericilik çərçivəsində tənzimlənməsi, Konstitusiyanın vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi və dini qurumların qeydiyyata alınması üçün belə görüşlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir.

Görüşdə həmçinin din xadimlərinin, icma rəhbərlərinin müraciətləri əsasında dövlət orqanları ilə razılaşmalar əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olunan məsələlərdə dini qurumlara lazımi yardım göstərilməsi də müzakirə olundu, müvafiq qərarlar verildi.

Elşad İskəndərov vurğulayıb ki, müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmlənməsinə kömək edilməsi, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması Komitənin əsas vəzifələrindən biridir.

Qeyd edək ki, nazir və komitə rəhbərlərinini region səfələri aprelin 25-dək davam edəcək.

Emin Kərimov

Bütün xəbərlər Facebook səhifəmizdə