“Şah Xətai-Sultan Səlim” beynəlxalq simpoziumu işə başlayıb

“Şah Xətai-Sultan Səlim” beynəlxalq simpoziumu işə başlayıb

Bakıda Azərbaycan-Türkiyə Evinin (ATEV) təşkilatçılığı ilə "Şah Xətai-Sultan Səlim" beynəlxalq simpoziumu işə başlayıb. Azərbaycanın millət vəkilləri, tarixçilər, Türkiyə və Dağıstandan olan alimlərin qatıldığı tədbiri giriş sözü ilə "Azəri-Türk Qadınlar" İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı açıb.

Onun sözlərinə görə, iki gün davam edəcək simpoziumda iştirakçıların səsləndirdiyi fikirlər kitab şəklində çap olunacaq.

AMEA Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov simpoziumu yüksək qiymətləndirdiyini söyləyib. O, bu simpozium iştirakçılarına Malatya və ya Çaldıran savaşı açmamağı tövsiyə edib. Bildirib ki, "Səfəvi-Osmanlı toqquşmalarının baş verməsində hər iki tərəf məğlub oldu, udan isə Avropa idi. İndi türk dünyası birləşməlidir. Yazılan əsərlər, tarixin düzgün təhlil olunmaması türk dünyasında böyük yanlışlıqlar əmələ gətirir. Türk dünyasını birləşdirmək üçün öncə tarixdə birləşməli, tarixdəki qarşıdurmaları, neqativlikləri bir kənara qoyaraq bütün şəxsiyyətlərə türk dünyasının övladları kimi baxmalıyıq.

Y.Mahmudov deyib ki, Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın görüşündə ortaq tariximizlə bağlı danışıqlar aparılıb.

Kaspi Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva "Simpoziuma ictimai baxış" məruzəsi ilə çıxış edib. O bildirib ki, bütün türk xalqları yollarının aydın olması üçün güclərini birləşdirməlidir: "Bizim birliyimizi heç kəs poza bilməz. Tarixi düzgün təhlil etməli, özümüz üçün düzgün nəticə çıxarmalıyıq. Gələcək fəaliyyətimiz üçün proqramımızı dəqiq müəyyənləşdirməliyik. Hər iki tarixi şəxsə qarşı ittihamlar səsləndirilib, həqarətlər yağdırılıb. Amma haqsızlığa ən çox Xətai məruz qalıb. Onun türklüyü təhrif olunub. 13-14 yaşlı bir insan vahid Azərbaycan ideologiyası ortaya qoyub, siyasi kamillik nümayiş etdirib, sərhədlərin genişləndirilməsinə çalışıb. Bu cür xidmətləri olan insana qarşı necə haqsızlıq etmək olar? Tarixçilərimiz bunları doğru araşdırıb ictimaiyyətə təqdim etməlidir. Təəssüf ki, bu gün təhrif olunmuş yazılar həqiqətdən daha çoxdur".

Bütün xəbərlər Facebook səhifəmizdə