Bu gün Masallı Rayon İcra Hakimiyyətində cənub bölgəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri ilə görüş keçirilib.
Toplantıda KİV təmsilçilərinə son iki ildə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər, həyata keçirilən infrastruktur layihələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, kənd təsərrüfatı rayonu olan Masallıda son illər daha çox gəlir gətirən, əhalinin tələbatına uyğun əmək tutumlu əkin sahələrinin genişləndirilməsinə diqqət artırılıb. Bu məqsədlə 6 hektarda istixana təsərrüfatı yaradılıb, 25 hektara yaxın sahədə çiyələk əkini keçirilib.
Rayonda kənd təsərrüfatı ilə məşğul olan fermerlər və torpaq mülkiyyətçiləri gəlirli sahə olan faraş kartof və faraş tərəvəz istehsalına daha çox üstünlük verirlər. Lakin məhsul istehsalçıları bu sahənin satış bazarında bir sıra çətinliklərlə üzləşirlər.
Bölgədə istehsal edilən kənd təsərrüfatı məhsullarının satışı ilə bağlı mübadilə mərkəzinin yaradılması bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər.
Bildirilib ki, çayçılıq rayonda gəlirli sahələrdən biridir. Azərbaycanda çayçılığın inkişafı ilə bağlı Dövlət Proqramı hazırlanır. Yaxın vaxtlarda rayonun Kolatan kəndi ərazisində 100 hektar sahədə çay plantasiyası salınacaqdır.
Diqqətə çatdırılmışdır ki, rayonda sosial məsələlər də uğurla həyata keçirilir. Son iki ildə rayonda sosial məsələlərin həlli məqsədi ilə 300 milyon manat dövlət vəsaiti ayrılıb.
Hazırda 110 min əhalisi olan Masallı rayonuna içməli su və kanalizasiya xətti çəkilir. Ucqar dağ kəndlərinin qazlaşdırılması istiqamətində işlər uğurla davam etdirilir. Ötən il rayonda 5 yeni məktəb binası və 2 uşaq bağçası tikilib istifadəyə verilmişdir. Bu il isə rayonda 5 yeni məktəb binasının tikintisi davam etdirilir.
2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması ilə əlaqədar rayonda yeni ATS binalarının tikilməsi nəzərdə tutulub.
Tikinti-quruculuq işlərində istifadə edilən inşaat materiallarının bir çoxu rayonda istehsal olunur. Hazırda rayonda asfalt və beton zavodları inşa edilir. Bütün bunlar rayon əhalisinin məşğulluğunun təmin edilməsində əhəmiyyətli rol oynayır.
Qeyd olunub ki, ötən il Masallı şəhərinin Azərbaycanın folklor paytaxtı elan olunması ilə əlaqədar rayonda müxtəlif tədbirlər, o cümlədən Beynəlxalq folklor festivalı keçirilmişdir. Bunun nəticəsi olaraq "Masallı-folklor örnəkləri" kitabının birinci cildi işıq üzü görüb.
Görüşdə çıxış edən KİV-lərin nümayəndələri Masallı rayonunda jurnalistlərin səmərəli fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını vurğulayaraq rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında qazanılmış uğurların, bu sahədə mövcud olan nöqsanların olduğu kimi oxuculara çatdırılmasında qarşıda duran vəzifələri diqqətə çatdırıblar.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB