“Bizim istədiyimiz dünya” FOTO

“Bizim istədiyimiz dünya” FOTO

YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi "Bizim istədiyimiz dünya" devizi altında Şirvanda gənclərlə görüş keçirib və 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri ilə bağlı müzakirələr aparıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, tədbirdə YUNİSEF-in Bakı ofisinin rəhbəri Mark Hervard və millət vəkili Fuad Muradov iştirak edib.

Tədbirdə çıxış edən Mark Hervard bildirib ki, BMT-nin Minilliyin İnkişaf Məqsədlərinin yeni inkişaf çərçivəsini müəyyənləşdirmək üçün hazırlıq işlərinə başlanılıb. Bu məqsədlə Azərbaycanın Gənclər və İdman Nazirliyi, "NUR" Uşaq və Gənclərin İctimai Birliyi və YUNİSEF-in Azərbaycandakı nümayəndəliyi "Bizim istədiyimiz dünya" devizi altında ölkəmizin bir neçə rayonunda gənclərin müzakirəsini təşkil edəcək.

Bu toplantılarda 2015-ci ildən sonrakı əsas inkişaf məsələləri ilə bağlı ölkə gənclərinin təklifləri müzakirəyə çıxarılır.

Məlumata görə, Şirvan, Lənkəran, Tərtər, Zaqatala və Bakıda keçiriləcək toplantılarda yeni qlobal inkişaf məqsədləri müzakirə olunacaq və nəticə olaraq azərbaycanlı gənclərin təklif və rəyləri hazırlanaraq, beynəlxalq müzakirələrə təqdim ediləcək.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə