Leyla Əliyeva: "Gənclərin bu sahədə fəal olması üçün geniş imkanlar yaradılır" YENİLƏNİB

Leyla Əliyeva: "Gənclərin bu sahədə fəal olması üçün geniş imkanlar yaradılır" YENİLƏNİB

Bu gün Bakıda Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) başlayıb. SİA-nın məlumatına görə, beynəlxalq olimpiada Təhsil Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Çağ Öyrətim" İşlətmələri Şirkəti və "İnepo-Avrasiya" Ekologiya İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, tələbə qəbulu üzrə dövlət komissiyasının sədri Məleykə Aabbaszadə və digər şəxslər iştirak ediblər. Olimpiadanın keçirilməsində əsas məqsəd Azərbaycanda və dünyada artmaqda olan ekoloji problemlərin həlli və ətraf mühitin qorunub saxlanılması mövzusunda gənc nəsli bilgiləndirmək, şagirdlərdə ekoloji şüuru inkişaf etdirməkdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tədbirdə çıxışında bildirib ki, bu gün Azərbaycanda ətraf mühitin mühafizəsi üçün bir sıra tədbirlər həyata keçirilir və qonşu dövlətlərin də eyni yolla inkişaf etmələri üçün köməklik göstərilir: "Biz inanırıq ki, hazırkı nəsil gələcək nəslin qorunması üçün çalışacaq. Artıq iki ildir ki, "İdea" layihəsini öz işinə başlayıb. Layihə ekoloji tədbirlər və bu sahədə beynəlxalq aləmi məlumatlandırmaq, müqayisələr aparmaq üçün beynəlxalq dialoqu nəzərdə tutur. Bu müqayisə əsasında ekoloji tədbirlər müxtəlif üsulların tətbiqi üçün platformaya çevrilib. Həmçinin gənclərin bu sahədə fəal olması üçün geniş imkanlar yaradılır".

Dünyada insanların artması nəticəsində ətraf mühitə təzyiqləRin artdığını deyən ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov qeyd edib ki, məhz buna görə də problemə başqa yanaşmalar tələb olunur. Nazirin sözlərinə görə, təhsil sistemi vasitəsilə məktəblilərin təfəkkürünü dəyişmək, "yaşıl" düşünmək, "yaşıl" davranmaq, "yaşıl" istiqamətdə zəhmət çəkmək lazımdır.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov hər il Olimpiadanın həm Azərbaycan, həm də dünya ölkələrindən olan iştirakçılarının sayının artmasını yüksək qiymətləndirib. O qeyd edib ki, hər gün artan ekoloji problemlərə məktəblilərin diqqətini cəlb etmək üçün bu Olimpiada xüsusi əhəmiyyət kəsb edir. Nazirin sözlərinə görə, ildən-ilə iştirakçıların sayının artması həm ekoloji problemlər, həm də təşkilatçıların yüksək fəaliyyəti ilə əlaqədardır.

ARDNŞ prezidenti Rövnəq Abdullayev hökumət tərəfindən ekologiyanın qorunmasına xüsusi diqqət göstərdiyini söyləyib. Onun sözlərinə görə, 2010-cu ilin Azərbaycanda "Ekologiya ili" elan olunması və bu sahədə görülən buna işlər əyani sübutdur. R. Abdullayev ARDNŞ tərəfindən ətraf mühitin qorunması sahəsində görülən işlərdən də danışıb. ARDNŞ prezidenti qeyd edib ki, ölkədə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının keçirilməsi ilə yüzlərlə şagird bir araya gələrək ətraf mühitin qorunmasına öz töhfələrini verirlər.

Xatırladaq ki, VII "İnepo Avrasiya" Ekologiya Olimpiadasında 45 ölkədən 500-ə yaxın iştirakçı yarışacaq. Bu il Azərbaycanla yanaşı, 45 xarici ölkədən 625 layihədən 22-si, Azərbaycanda isə 180 orta məktəbdən 214 layihə təqdim olunub. Onlardan 78-i növbəti mərhələyə keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə