TÜRKPA-nın Ankarada 2-ci toplantısı keçiriləcək

TÜRKPA-nın Ankarada 2-ci toplantısı keçiriləcək

Bu gün TÜRKPA Sosial, mədəni və humanitar məsələlər Komissiyasının 2-ci iclası Ankarada keçiriləcək. Komissiyanın 2-ci iclası Türkiyə Parlamentində baş tutacaq. Qurumdan SİA-ya verilən məlumata görə. iclasda "Ortaq Türk Terminologiya fondunun yaradılmasına dair əsas məsələlər" mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılacaq.

Komissiyanın işində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə millət vəkilləri, TÜRKPA beynəlxalq katibliyinin əməkdaşları iştirak edəcək, komissiya üzvlərinin məruzələri və çıxışları dinlənəcək, mövzu ilə bağlı fikir mübadiləsi aparılacaq. Türkiyə Parlamentinin sədr müavini Sadık Yakutun komissiyanın iclasında iştirakı və qonaqları salamlaması nəzərdə tutulur.

Eyni zamanda iclasda, Türk Şuraşı Baş katibinin müavini Qismət Gözəlov, TÜRKSOY Baş katibinin müavini Fırat Purtaş, Türk Dünyası Bələdiyyələr Birliyinin Baş Katibi cənab Mustafa Başkurt və Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dilçilik üzrə komitəsinin sədr müavini Şerubay Kurmanbaylının iştirakı və çıxışları nəzərdə tutulub.

Komissiyanın iclasında, TÜRKPA-nın cari ilin iyun ayında Ankarada keçiriləcək 4-cü plenar sessiyasında təqdim edilməsi məqsədi ilə Ortaq Türk Terminologiya fondunun yaradılmasına dair əsas məsələlər barədə hesabat sənədi və gələcək fəaliyyət üçün tövsiyə qərarının qəbul edilməsi gözlənilir. Eyni zamanda Komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə