Elşad İskəndərov Kanada rəsmisilə görüşüb

Elşad İskəndərov Kanada rəsmisilə görüşüb

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov ölkəmizdə səfərdə olan Kanada İcmalar Palatasının sədrinin müavini, Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Komitədən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda mövcud tolerantlıq mühiti, dinlərarası münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Komitə sədri Elşad İskəndərov qonaqları salamlayıb, Kanada ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərinin hazırkı durumundan məmnunluğunu ifadə edib və Kanadanın beynəlxalq platformada Azərbaycanın haqlı mövqeyinə, ölkəmizin ərazi bütövlüyünə verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Daha sonra E. İskəndərov Azərbaycanda dövlət-din münasibətləri, DQİDK-nın son dövrlərdə gördüyü işlər, dini maarifləndirmə sahəsində yeni təşəbbüslər, dövlətimizin milli-mənəvi və dini-tarixi dəyərlərin qorunması, inkişaf etdirilməsi istiqamətində dəstəyi barədə ətraflı məlumat verib.

Öz növbəsində qonaqlar qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürlərini bildiriblər. Kanada-Azərbaycan dostluq qrupunun sədri Barri Devolin Azərbaycandakı mövcud tolerant mühit barədə məlumatlı olduuğunu bildirib və bunu yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə