6-7 aprel 2013-cü il tarixində Bakıda "Cənubi Qafqaz və Mərkəzi Asiya: 2020-ci ilə baxış" mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) Qlobal Gənclər Birliyinin (Global Shapers Community) görüşü keçiriləcək. Gənclər Fondundan SİA-ya verilən məlumata görə, dünyanın 145 şəhərində "Global Shapers Community"nin şəbəkəsi artıq qurulub. Bakı da həmin şəhərlərdən biridir. Görüşdə əhəmiyyətli məsələlərin müzakirəsi nəzərdə tutulub. Forumda 80-dən yuxarı Cənubi Qafqaz və Mərkəzi Asiyadan yaradıcı, istedadlı gənclər, gənc biznesmenlər, dövlət strukturlarında çalışanlar, gənc alimlər, beynəlxalq təşkilatların nümayəndələri və tələbələr iştirak edəcəklər.
Görüşün ilk günündə Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və MDB, Orta Asiya və Qafqaz üzrə "Global Shapers Community"nin baş meneceri Anastasiya Kalinina çıxış edəcəklər.
Forumun ikinci günündə isə rəsmi açılış mərasimi baş tutacaq. Görüşün rəsmi çıxışçıları Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olacaq. 2 günlük tədbir zamanı müxtəlif mövzularda beynəlxalq və regional ekspertlərin iştirakı ilə sessiyalar və təlimlər keçiriləcək. Forumda 80-dən çox gənc iştirak edəcək. Mövzular: Regional inteqrasiyaya gənclərin baxışı, Gələcək regional inteqrasiyanın töhfələri, Media və PR olacaq. "Fəaliyyət vasitəsilə Liderlik" sessiyası zamanı Azərbaycan gəncləri tərəfindən iki yeni layihənin təqdimatı keçiriləcək. Eyni zamanda, yeni texnologiyalar və bu sahədə əldə olunmuş nailiyyətlər ilə tanış olmaq məqsədi ilə tədbir iştirakçıları Sumqayıt Texnoloji Parkına səfər edəcəklər.
Qeyd edək ki, Bakıda keçiriləcək bu tədbir regionda əməkdaşlığın və inteqrasiyanın inkişafına öz töhfəsini verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB