"Dövlət büdcəsini talayan şəxslər haqqında ölçü götürülür"

"Dövlət büdcəsini talayan şəxslər haqqında ölçü götürülür"

Hesablama Palatasının Milli Məclisdə təqdim etdiyi illik hesabatı ətrafında deputatlar müzakirə aparıblar. SİA-nın məlumatına görə, müzakirələr zamanı çıxış edən millət vəkili Siyavuş Novruzov bildirib ki, ildən-ilə hesabatlar daha geniş və ətraflı şəkildə parlamentə təqdim olunur.

Millət vəkili qeyd edib ki, bu hesabatlar Milli Məclisə, eləcə də ayrı-ayrı strukturlara verilir: "Düşünürəm ki, gələcəkdə ictimaiyyətə də bu hesabatlar verilməlidir. İctimaiyyət bilməlidir ki, dövlət büdcəsini talayan şəxslər haqqında ölçü götürülür, mənimsənilən vəsait geri qaytarılır".

O, parlamentə təqdim olunan hesabata səs verəcəyini bildirib. Deputatlardan Zahid Oruc, İlham Məmmədov, Əli Məsimli və digərləri də çıxış edərək, hesabatı müsbət qiymətləndirib və səs verəcəklərini bildirib.

Deputat Qənirə Paşayeva isə hesabatda icbari tibbi sığortanın tətbiq olunmamasından narahatlığını ifadə edərək bildirib: "Hesabatda qeyd olunur ki, 4 ildir bu sahəyə dövlət büdcəsindən vəsait ayrılsa da, xərclənmədiyindən yenidən büdcəyə qaytarılır. Halbuki, icbari tibbi sığorta tətbiq edilməyənədək ölkədə səhiyyənin inkişafından danışmaq olmaz".

Deputat Mübariz Qurbanlı da hesabatı müsbət qiymətləndirərək deyib ki, Hesablama Palatasının vəzifəsi vəsaitin büdcəyə qaytarılması deyil, büdcə vəsaitinin dağıdılmasının qarşısını almaqdır. O, bəzi həmkarlarının bu kimi iddialarını əsassız sayıb.

Deputat İlyas İsmayılov da hesabatı normal qəbul etsə də, ciddi iradlar səsləndirib: "Palata sədri ötənilki hesabatında nöqsanlar barədə adlarını çəkdiyi müəssisələrin bu dəfə də təkrar adlarını çəkdi. Deməli, həmin müəssisələrdə ciddi problemlər var və dərhal həmin müəssisələr barədə ciddi tədbirlər görülərək islahatlar aparılmalıdır".

Qeyd edək ki, müzakirələrin sonunda hesabat qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə