QHT Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyəti müzakirə olunacaq

QHT Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyəti müzakirə olunacaq

QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyətinə həsr edilən ictimai müzakirə keçirəcək. Alyansdan SİA-ya verilən məlumata görə, toplantı "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 5 illik fəaliyyəti ilə bağlı ictimai müzakirənin keçirilməsi" mövzusunda olacaq.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il, 16 aprel tarixli sərəncamı ilə təsdiq edilən Şura ötən 5 ildə vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlıq edib. Şurasının 5 il ərzində keçdiyi yola, vətəndaş cəmiyyəti üzvlərinin bir daha nəzər salmasına, apardığı siyasətə və vətəndaş cəmiyyətinin inkişafı üçün atdığı addımların ictimai müzakirəsinə ehtiyac var. Çünki, Şura vətəndaş cəmiyyətinin inkişafı sahəsində dövlət siyasətini həyata keçirən bir qurumdur.

Bütün QHT-lərə, vətəndaş cəmiyyəti institutlarına açıq olan ictimai müzakirədə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 5 il ərzində milli maraqların qorunması, Konstitusiya və qanunlara, dövlət rəmzlərinə hörmətin formalaşdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin dünyada təqdim edilməsi, qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, azərbaycançılıq ideyasının təbliğ edilməsi, ümumiyyətlə, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən problemlərin həllinə qeyri-hökumət təşkilatlarının cəlb olunması məsələləri danışılacaq və iştirakçılar öz baxış bucaqlarını açıqlayacaqlar.

Şuranın, eyni zamanda Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarının inkişaf problemlərinin həlli, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, dövlət orqanları ilə qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq münasibətlərinin sabit və effektiv sisteminin yaradılması, ölkədə vətəndaş cəmiyyətinin inkişafı sahəsində atdığı addımlar da iştirakçıların müzakirə etdiyi və fikir bildirdiyi mövzulardan olacaq.

İctimai müzakirədə çoxsaylı QHT və media rəhbərləri, müvafiq dövlət qurumlarının nümayəndələri, millət vəkilləri və digər şəxslər iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə