Millət vəkili kimə etiraz etdi?

Millət vəkili kimə etiraz etdi?

Milli Məclisdə Hesablama Palatasının hesabatının müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev çıxış edib. SİA-nın məlumatına görə, o bildirib ki, büdcə vəsaitinin mənimsənilməsi faktlarının hər biri haqqında cinayət işi açılmalıdır: "Adi bir kollecdə 147 ştat vahidi artırılıb, 20 min manatdan artıq vəsait nağd şəkildə geri qaytarılıb. Orada baş mühasib işdən çıxarılıb, rəhbərlərə xəbərdarlıq edilib. Yoxlama başa çatandan sonra başqa bir mühasib işə götürəcəklər. Hamı bilir ki, Azərbaycan reallığından rəhbərin razılığı olmadan bir manat da mənimsənilə bilməz. Bəziləri düşünür ki, oğurlasa da, uzağı xəbərdarlıq alacaq və vəsaiti geri qaytaracaq".

Deputat hesab edir ki, Hesablama Palatası sahibkarlara məcburən iş görülməsi hallarını da araşdırmalıdır: "İmişli rayon icra başçısının qardaşı deyir ki, öz qardaşım mənə iş gördürtdürüb, pulumu vermir. Bu cür hallar araşdırılmalıdır. Yoxsa desək ki, hər şey yaxşıdır, hər şey aydınıdır, baş verənlər cinayət xarakterli deyil, biz belə yolla korrupsiyaya qarşı effektiv mübarizə apara bilmərik".

O, büdcəyə nəzarət və büdcə komitəsi yaradılmasını təklif edib: "Milli Məclis müstəqil audit şirkətləri ilə müqavilələr bağlayıb, büdcə vəsaitlərinin xərclənməsinin yoxlanılmasını təşkil etməlidir".

MM sədri Oqtay Əsədov bildirib ki, Hesablama Palatası istintaq orqanı deyil: "Hesablama Palatası cinayət işi qaldırmır. Dövlət pulunun qaytarılması özü böyük işdir. Hər işdə hər kəsi içəri basmaq da düzgün olmaz axı?!".

Bütün xəbərlər Facebook səhifəmizdə