13 rəhbər şəxs işdən azad edilib

13 rəhbər şəxs işdən azad edilib

Milli Məclisdə Hesablama Palatasının illik hesabatı dinlənilib. SİA-nın məlumatına görə, hesabatı təqdim edən Hesablama Palatasının sədri Heydər Əsədov bildirib ki, nöqsanların böyük əksəriyyəti cinayət xarakterli olmayıb.

Onun sözlərinə görə, 2011-ci ildə 46 audit yoxlaması keçirilmişdisə, 2012-ci ildə 68 audit yoxlaması keçirilib: "Bizim beynəlxalq əməkdaşlığımız yüksək səviyyədə həyata keçirilir. Digər ölkələr var ki, büdcədən 10 milyonlarla dolar vəsait ayrılıb, lakin işlər başlanılmayıb".

Əsədov bildirib ki, əsas nöqsanlar təhsil və səhiyyə sistemində qeyd olunub, bunlar da tarif siyasətinin düzgün aparılmaması ilə əlaqədar olub. Apardığımız yoxlamalar nəticəsində 550 ştat, 220 qurum, 15 kafedra bağlanılıb.

Palata sədri əsas nöqsanlardan biri kimi qanunlarda olan boşluqları və peşəkar maliyyəçilərin olmamasını, işlər görülərkən xərclərin süni şişirdilməsni qeyd edib.

Vergilər Nazirliyi ilə aparılan birgə yoxlamalar nəticəsində 3 vergi ödəyicisi barədə cinayət işi açılaraq hüquq-mühafizə orqanlarına göndərilib, prokurorluqla birgə aparılan yoxlamalar nəticəsində isə 2 250 min vəsait dövlət büdcəsinə qaytarılıb.

Bundan əlavə, aparılan işlər nəticəsində bir çox dövlət qurumlarında qanun pozucuları barəsində inzibati cəza tədbirləri görülüb. Belə ki, 44 nəfər işdən azad edilib, bunlarında 13-ü rəhbər şəxslərdir, 40-dan artıq adama şiddətli töhmət verilib (18-i rəhbər vəzifəli şəxslərdir), 36 nəfər rəhbər vəzifə sahibinə töhmət verilib.

Qanunlarda olan boşluqların aradan qaldırılması məqsədi ilə 100-dən artıq təqdimat aidiyyatı qurumlara və parlamentə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə