Qənirə Paşayeva II Dünya Türk Forumunda çıxış edib

Qənirə Paşayeva II Dünya Türk Forumunda çıxış edib

Millət vəkili Azərbaycanın və Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərinin TÜRKSOY-un 2015-ci ildə mədəniyyəti paytaxtı elan edilməsini təklif edib

Millət vəkili Qənirə Paşayeva İstanbulda Türk-Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) təşkilatçılığı ilə keçirilən II Dünya Türk Forumunda çıxış edib. Forumun "Türk diasporaları 2023-cü il baxışı" adlı sessiyasında geniş məruzəsi zamanı millət vəkili Qənirə Paşayeva türk diaspor təşkilatları ilə əlaqəli şəkildə fəaliyyət göstərmələrinin, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da artırılmasının vacibliyini qeyd edib.

Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə təbliği məqsədilə Azərbaycan və Türkiyənin, və ümumiyyətlə bütün Türk dövlət və toplumlarından olan diaspor təşkilatlarının birgə fəaliyyət göstərmələrinin daha da genişləndirilməsinin vacibliyini vurğulayan millət vəkili Qənirə Paşayeva bu istiqamətdə daha çox işlərin görülməli olduğunu deyib və türk diaspor təşkilatlarını bu məsələlərdə aktiv olmağa çağırıb.

2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi münasibətilə erməni lobbisinin daha böyük səylər göstərəcəyini deyən millət vəkili Qənirə Paşayeva 2015-ci ildə TÜRKSOY-un mədəniyyət paytaxtı olaraq Ermənistanın işğalı altında olan və qədim mədəniyyət beşiklərimizdən olan Şuşa şəhərinin elan olunmasını təklif etdiyini diqqətə çatdırıb və bu təklifi yenidən səsləndirib. O bildirib ki, 2013-cü ildə Əskişəhər, 2014-cü il Kazan TÜRKSOY-un mədəniyyəti paytaxtı elan edilib, yaxşı olardı kı, 2015-ci ildə də Azərbaycanın və Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhəri TÜRKSOY-un mədəniyyəti paytaxtı elan edilsin: "Bu, bütün Türk dünyasının dünyaya verdiyi çox önəmli və böyük əhəmiyyət daşıyan mesaj olardı".

Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu – Türk dünyası birlikdə mübarizəsini daha da gücləndirməli və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymağa çalışmalıdır. "Biz, Türk milləti olaraq ortaq problemlərimizi birləşərək birlikdə həll etməliyik. Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması harada doğulub, harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq", - deyə millət vəkili əlavə edib.

Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva "harada doğulmasından və yaşamasından asılı olmayaraq böyüyən gəncliyimizə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər", bütün türk gəncliyini sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva gəncləri sosial medianın imkanlarından istifadə edərək qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə, Qarabağ həqiqətlərinin yayılması, Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətdə səyləri artırmağa çağırıb.

Müxtəlif ölkələrdən gəlmiş millət vəkillərinin, ictimai-siyasi xadimlərin, alimlərin, qeyri-hökumət təşkilatlarının, mətbuat və media nümayəndələrinin iştirakı ilə keçirilən II Dünya Türk Forumunun mövzusu "Türk diasporu və Türk Dünyasına baxış 2023" adlanır. 3 gün davam edən forum öz işini bu gün başa çatdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə