Lənkəranda qadınların konfransı keçirilib

Lənkəranda qadınların konfransı keçirilib

Aprelin 4-də Heydər Əliyev Mərkəzində Azərbaycan Qadınlarının IV Qurultayına hazırlıq çərçivəsində Lənkəran qadınlarının konfransı keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, əvvəlcə konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində Ümummilli Liderin büstünü ziyarət edib, büstün önünə gül dəstələri qoyublar.

Konfrans öz işinə "Azərbaycanda dövlət-qadın siyasətinin həyata keçirilməsi öndədir" adlı sənədli filmin nümayişi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, tariximizin müxtəlif mərhələlərində Azərbaycan qadınları fəallıqları ilə seçiliblər. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: "Azərbaycan qadını hər zaman milli iftixara çevrilən işlər görmüşdür". Ümummilli Liderimizin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan qadınına yüksək qiymət verilib. Dövlət işlərində, hakimiyyət orqanlarında, dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, sahibkarlıq sahəsində qadınlarımızın rolu əvəzsizdir.

İcra başçısı həmçinin rayonumuzda qadınların rolundan danışaraq onların Lənkəranda aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və quruculuq işlərində fəaliyyətini xüsusi qeyd edibi, bu il keçiriləcək prezident seçkilərində onların həmişəki kimi yenə də fəallıq göstərərək dövlət başçısı İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəyinə inandığını bildirib.

Sonra Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsal Nəsirli geniş məruzə edib.

Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova çıxış edərək III qurultaydan keçən 5 il müddətində görülmüş işlərə münasibətini bildirərək qeyd edib ki, biz qadınlar Ulu Öndər Heydər Əliyevin ideyalarının davamçılarıyıq. Ümummilli Liderimiz Azərbaycanımızı bizə qaytarıb, dövlətçiliyimiz bərpa olunub və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf edir. Biz qadınlar hamılıqla dövlətçiliyimizi qorumalı və bu istiqamətdə öz töhfələrimizi əsirgəməməliyik. S.Qəhrəmanova çıxışında həmçinin qadın hüquqlarından, onların cəmiyyətdə, ictimai-siyasi proseslərdə rolundan danışıb, gender bərabərliyi məsələlərindən, dövlət-qadın siyasətindən bəhs edib, builki Prezident seçkilərində qadınların fəallıq göstərərək Heydər Əliyev siyasi kursunun davamına səs verəcəyinə əminliyini ifadə edib.

Lənkəran rayon Qadınlar Şurasının sədri Elduzə Əhmədova, YAP Lənkəran şəhər təşkilatı Qadınlar Şurasının sədri Ofeliya Qəmbərova, Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva və şəhər 4 saylı humanitar təmayüllü məktəb-liseyin müəllimi Gülzar Əliyeva çıxış edərək rəy və mülahizələrini bildiriblər.

Konfransda Azərbaycan Qadınlarının IV qurultayına Sədaqət Qəhrəmanova da daxil olmaqla 38 nəfər nümayəndə seçilib.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Müraciət qəbul edilib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə