Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dövrdə Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin qorunması və təbliği mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yerli televiziya kanallarının həmin istiqamətdə yayımladığı telefilmlər ölkənin ictimai-siyasi və mədəni həyatında gündən-günə daha böyük rol oynayır.
Bununla əlaqədar Azərbaycan hökuməti milli kino istehsalına, o cümlədən telefilmlərin çəkilişinə diqqəti getdikcə artırır. 2011-ci ildə bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış beş milyon manatlıq maliyyə vəsaiti günün aktual mövzularına həsr olunmuş telefilmlərin çəkilişinə təkan vermişdir.
Prezident bu sahədə aparılan işlərin əhəmiyyətini və davam etdirilməsinin zəruriliyini nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayrılsın.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB