Daha bir qəsəbə açıldı FOTO

Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsinin təmirdən sonra açılış mərasimi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və bir sıra rəsmilər iştirak edib.

Tədbirdə bildirilib ki, qəsəbədə avtomobillərin gediş-gəlişini təmin edən 5-km yaxın avtomobil yolu yenidən təmir edilərək əhalinin istifadəsinə verilib. Bundan əlavə qəsəbənin su, qaz, elektrik sistemləri yenilənib.

İcra Aparatının rəhbəri Elmar Vəliyev qeyd edib ki, gələcəkdə yaşayış massivində daha müasir standartlara cavab verən yeni uşaq bağçasının inşası, eləcədə poliklinika binasının tikintisi nəzərdə tutulur. Bundan əlavə ərazidə yaşayan əhalinin asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni parklar salınacaq.

Açıq mikrafon şəraitində təşkil olunan görüşdə icra başçısı vətəndaşların üzləşdikləri bəzi çətinlikləri dinləyib və həlli istiqamətində aidiyatı orqanların rəhbərlərinə yerindəcə lazımı tapşırıqlarını verib.

Qeyd edək ki, Şıxzamanlı qəsəbəsi 1884-cü ildə salınıb. Hazırda qəsəbədə 10 mindən artıq əhali yaşayır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə