Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsi təqdim olunub

Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsi təqdim olunub

Bu gün Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsinin təqdimatı ilə bağlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada dövlət orqanlarının, QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

Tədbirdə ilk olaraq çıxış edən Komissiyanın sədr müavini Vəfadar Misirov bildirib ki, məcəllənin hazırlanmasında məqsəd dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi və sistemləşdirilməsidir: "Məcəllənin ilkin layihəsi Komissiya ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının həyata keçirdiyi birgə layihə çərçivəsində hazırlanıb".

Tədbirdə çıxış edən Komissiyanın Hüquq sektorunun müdiri Vüqar Əsgərov Dövlət Qulluğu Məcəlləsinin qəbul edilməsi zərurəti və bu Məcəllənin tənzimləmə predmeti ilə bağlı ətraflı məlumat verib. O bildirib ki, dövlət qulluğunun idarə edilməsinin effektivliyinin artırılması və dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi qərarına gəlinib.

İşçi qrupunun üzvü Nəsib Əhmədov Dövlət Qulluğu Məcəlləsinin ilkin layihəsinin strukturu, sistemi barədə təqdimatla çıxış edib.

Qeyd edək ki, tədbirin sonunda dəyirmi masa iştirakçılarının sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə