Azərbaycanda yeni radio yarandı

Azərbaycanda yeni radio yarandı

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nin radio yayımı üçün "Caspian İnternational Broadcasting Company" MMC-nin peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə və təşkilati məsələlərə baxılıb.

MTRŞ-ın mətbuat xidmətindən verilən məlumata görə, Milli Televiziya və Radio Şurası tərəfindən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 7 (dövlət yayımçısı), 15.1-ci maddələrinin tələblərinə uyğun olaraq "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi"nə 107.7 MHz tezliyi üzrə radio yayımı üçün müsabiqədənkənar 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

Həmçinin iclasda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğun olaraq "Caspian İnternational Broadcasting Company" MMC-yə 6 il müddətinə peyk vasitəsilə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib.

Eyni zamanda iclasda Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2002-ci il tarixli, 795 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Cəbiyev Qafar Cəfər oğlu Milli Televiziya və Radio Şurasının sədr müavini seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə