“Vətəndaş İştirakçılığı” haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib

“Vətəndaş İştirakçılığı” haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi Şurası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) dəstəyi ilə "Vətəndaş İştirakçılığı" haqqında qanun layihəsinin ictimai müzakirəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbir Azərbaycan hökuməti və USAİD tərəfindən birgə maliyyələşən Şərq-Qərb İdarəçilik İnstitutu (EWMI) tərəfindən həyata keçirilən Sosial-İqtisadi inkişaf Fəaliyyəti (SEDA) çərçivəsində təşkil olunub. Tədbirdə Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, millət vəkili Əli Hüseynli, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev, SEDA-nın ölkə üzrə direktoru Timoti Mediqan, Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia, Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Avrasiya üzrə vitse-prezidenti Natalia Bourjaily, Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyin (USAID) nümayəndəsi və başqaları çıxış edib.

Tədbiri giriş sözü ilə açan Ə. Hüseynli bildirib ki, konfransın keçirilməsində əsas məqsəd qanun layihəsinin son variantını milli və beynəlxalq vətəndaş cəmiyyətinə təqdim etməklə aidiyyəti qurumların fikirlərini öyrənməkdən ibarətdir: "Qanun layihəsi vətəndaşlarla məsləhətləşmələr aparmaq üçün Azərbaycan hökumətinə ictimai şura , ictimai müzakirələr, ictimai dinləmələr, ictimai rəyin öyrənilməsi və ictimai ekspertiza kimi vasitələrdən istifadə etmək imkanı yaradır. Qanun layihəsi həmçinin mövcud vasitələrin bir aktda cəmləşməsində və onların tənzimlənməsinin təkmilləşdirilməsində mühüm rol oynayır."

A. Quliyev isə çıxışında bildirib ki, qanun layihəsi Azərbaycanda dövlət idarəçiliyini təkmilləşdirə biləcək bir aktdır: "Qanun məsləhətləşmələr üçün bir sıra mexanizimlər təklif edir ki, onlarda hal –hazırda ABŞ və Avropa ölkələrində geniş istifadə olunur. Əgər bu qanun qəbul edilərsə, Azərbaycan üçün də faydası olar".

USAİD-in Azərbaycvandakı rəhbəri Maykl Qrin isə qeyd edib ki, USAİD QHT-lərə Dövlət Dəstəyi şurasının rəhbərliyi ilə SEDA çərçivəsində ictimai iştirakçılıq haqqında qanun layihəsinin hazırlanması və onun ictimai müzakirələrinin təşkil edilməsi işində Azərbaycanlı ekspertlərdən ibarət işçi qrupuna dəstək göstərmək şərəfinə nail olub: " Biz qanun layihəsinin Azərbaycan hökuməti tərəfindən bəyənilməsi və Milli Məclisə təqdim ediləcəyindən olduqca məmnunuq. USİAD vətəndaş iştirakçılığı ilə bağlı qanunverici bazanın təkmilləşdirilmməsinə öz dəstəyini davam etdirməyə və vətəndaşları hökumət idarəçiliyində daha fəal olmağa təşviq edən bu cür qanunların icra edilməsi sahəsdində öz təcrübəsini bölüşməyə hazırdır."

Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin Avrasiya üzrə vitse-prezidenti Natalia Bourjaily qanun layihəsinə dair tövsiyələrinin təqdimatını keçirib.

Qeyd edək ki, tədbirdə müxtəlif yerli vətəndaş cəmiyyəti təşkilatlarından, Milli Məclisdən, QHT-lərə Dövlət Dəstəyi Şurasından, USAİD-dən, ATƏT-dən, Dünya Bankılndan, BP və digər qrumlardan 100-ə yaxın nümayəndə iştirak edib.

Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə