1918-ci il soyqırımlarının görünməyən tərəfləri

1918-ci il soyqırımlarının görünməyən tərəfləri

"1918-ci ildə baş vermiş bütün hadisələr Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyası tərəfindən araşdırılıb. Bu komissiyanın materialları həmin hökumət tərəfindən bu hadisələrə verilən ilk siyasi qiymət sayıla bilər. Komissiyanın sədri Azərbaycanın tanınmış hüquqşünası Ələkbər Xasməmmədov idi. Bakı hadisələrinin araşdırılmasında onun böyük rolu var. Bu komissiyanın təşəbbüsü ilə il yarım ərzində yalnız istintaq materialından ibarət 36 cildlik sənəd toplanılıb. Bu materiallar əsasında məhkəmə istintaq işləri açılıb. Bütün materialları bir yerə toplamış olsaq əlimizdə 70-80-ə yaxın işlər var. Yalnız 1988-ci ildə məlum oldu ki, əlimizdə belə sənədlər var". Bütün bu fikirləri SİA-ya açıqlamasında tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi çap etdirdiyi tarixi kitablar haqqında danışarkən deyib.

Onun sözlərinə görə, komissiya böyük sənədlər ortaya qoymuşdu: "Sonradan bu sənədlərin hamısı arxivə verilmişdi. Lakin o arxivlər elə bağlanmışdı ki, heç nədən xəbərimiz yox idi. SSRİ-nin yenidənqurma prosesləri gedən zaman bütün arxivlər açıldı. Yalnız bu vaxtdan sonra bütün sənədlər əlimizə keçdi. Sənədlər hissə- hissə tədqiq edilməyə başladı. 36 cildlik sənədlər rus dilində əllə yazılmışdı. Elə o zamandan, yəni 2007-ci ildən etibarən bu sənədlərin üzərində işləməyə başladım.

İlk vaxtlar "Zerkalo" qəzetində yazılar dərc olunurdu. Bu yazılar ortaya çıxandan sonra Milli Təhlükəsizlik Nazirliyindən təklif gəldi ki, bütün bunları kitab halında hazırlayaq. İlk kitabımız da həmin seriyadan 2009-cu ildə 31 mart soyqırımı ilə bağlı oldu".

"İkinci kitabımız isə Quba hadisələri ilə bağlı oldu. Bildiyimiz kimi, 2007-ci ildə məlum hadisələrlə bağlı Qubada kütləvi məzarlıq açılmışdı. Məzarlıqla bağlı müxtəlif şayiələr gəzirdi. Bütün bunları nəzərə alıb Komissiyanın Quba ilə bağlı sənədlərini bir araya gətirib 2010-cu ildə ikinci kitabımızı nəşr etdirdik.

Bütün bu işlər zamanı şahidi olduq ki, foto- sənədlər çoxluq təşkil edir. Milli Təhlükəsizlik Nazirliyinin dəstəyi ilə tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin hazırladığı "1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomu ötən il nəşr edilib. Kitab-albomda 1918-ci ilin mart və sonrakı aylarında daşnak-bolşevik silahlı birləşmələri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırımları ilə bağlı uzun illər itirilmiş sayılan nadir 95 faktoloji materiallar ilk dəfə geniş ictimaiyyətə təqdim edilib",- deyə tarixçi fikirlərinə əlavə edib.

S. Rüstəmova onu da qeyd edib ki, yeni nəşrdə 1918-ci ilin mart-iyul aylarında Bakı və Şamaxı şəhərlərində, o cümlədən Şamaxı, Kürdəmir və Göyçayın yaşayış məntəqələrində qətlə yetirilən on minlərlə soydaşımızın faciəli taleyini əks etdirən nadir foto nümunələri təqdim edilir: "Eyni zamanda, müsəlman əhaliyə məxsus müxtəlif təyinatlı əmlakın talan və dağıntılardan sonrakı vəziyyətini əks etdirən materiallar da yer alır. Kitabdakı fotolar Azərbaycan nümayəndə heyəti tərəfindən 1919-cu ildə Paris Sülh Konfransı iştirakçılarına, o cümlədən bir çox əcnəbi ölkələrin dövlət başçılarına təqdim edilib. "1918. Azərbaycan qətliamları foto və sənədlərdə" kitab-albomu türk, ingilis və rus dillərində tərtib olunub".

İki aydan sonra Şamaxı haqqında da yeni kitabın nəşr olunacağını deyən professor: "22 cild sənəd ancaq Şamaxı hadisələri ilə bağlıdır. 110 kəndin əhalisi soyqırımına məruz qalıb. 95 kənd yandırılaraq tamamilə yararsız vəziyyətə düşüb. Bu günə qədər 3 cild kitab çıxıb. Bu yaxınlarda isə 2 cildlik Şamaxı haqqında nəşr olacaq. Bununla yanaşı, adıçəkilən ərazilərdən başqa Göyçay haqqında da sənədlər var. Hansı ki bu sənədlər biz də yox idi. Eləcə də Zəngəzur, Qarabağ, Ərəş (indiki Ağdaş rayonun ərazisi) və Nuxa ilə bağlı əlimizdə 2-3 cildlik komissiyanın sənədləri var. Məqsədimiz isə Fövqəladə Təhqiqat Komissiyasının bütün seriyasını başa çatdıra bilməkdir. Onu da xüsusi olaraq qeyd edim ki, Heydər Əliyev Fondu adını çəkdiyimiz 3 kitabın yenidən nəşr olunmasına başlayıb", -deyə fikirlərinə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə