Dahi şair və dramaturq, ingilis ədəbiyyatının klassiki Uilyam Şekspirin dünyanın ən böyük humanistlərindən biri kimi tanınmasına zərbə vuracaq araşdırmanın nəticələri aşkarlanıb. Araşdırma müəlliflərinin dediklərinə görə, dahi şairin Koriolan və kral Lir obrazları onun vicdan əzablarının zühuru sayıla bilər.
İngiltərədəki Eberitvist Universitetində aparılmış tədqiqatın nəticələrinin əks olunduğu hesabata görə, dahi şair və dramaturq həm də yaşadığı dönəmlərdə Uorikşir qraflığında ən böyük torpaq sahiblərindən biri, mülkədar idi.
Yoxsulları qəddarcasına işlədən, onları aldadan Şekspir tamahkar, yalançı insanmış. "Onu əclaf da adlandırırdılar, çünki vəziyyətindən və imkanlarından istifadə edərək yoxsulların son tikəsinə yiyələnməkdən əsla çəkinmirdi. Şekspirin yaşadığı dönəmdə şairlik və pyeslər yazmaq əsla gəlir vermirdi. Bu səbəbdən də Uilyam Şekspir mülkədarlıqla əldə etdiyi pulların, sərvətinin və varidatının mümkün qədər çox olmasına çalışırdı. O, onlarla, yüzlərlə ailəni aclığa, səfilliyə məhkum etməkdən qətiyyən çəkinmirdi", - araşdırma müəlliflərindən biri, İntibah Dövrü ədəbiyyatı üzrə ən nüfuzlu ekspertlərdən sayılan professor Ceyn Arçer deyib.
Onun sözlərinə görə, Şekspir yoxsulları və kəndliləri sui-istismar etməklə yanaşı, vergilərdən də yayınırdı. Bu, dahi şair və dramaturqun indiyədək gizli qalmış əsl siması idi. Həyatının sonlarına yaxın varidatını iki qızı arasında bölmək məcburiyyətində qalan Şekspir yaşadıqları hissləri "Kral Lir"də əks etdirib.
Arçerin sözlərinə görə, kral Lirin əsl prototipi də elə Şekspirin, yəni müəllifin özüdür. 1607-ci ildə İngiltərədə yaşanan aclıqdan və bu aclıq zamanı varlıların yaramaz davranışlarından yazan Şekspir əslində 1598-ci ildən başlayaraq Uorikşirdə kəndliləri aclığa məhkum edən insanlardan biri olub.
Arçerlə birgə araşdırma aparmış professorlar Conatan Bate, Riçard Marqraf Terli və Hovard Tomas isə bildirirlər ki, İngiltərədə kasıblar aclıqdan ölmək təhlükəsi ilə üzləşəndə Uilyam Şekspir malikanəsindəki kəndlilərin son kisə buğdasını da qəddarcasına onların əlindən alırdı.
"Həmin dövrün məhkəmə sənədləri isə göstərir ki, Uilyam Şekspir 15 il ərzində vergilərdən yayındığı üçün həbs təhlükəsi ilə üzləşib, çox böyük cərimə ilə canını qurtarıb. 1598-ci ildə isə o, 80 buşel taxıl və darını vergidən gizlətdiyi, sonra da çox baha qiymətə satdığı üçün cəzalandırılmışdı", - Terli bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB