Lənkəranda icra başçısının sakinlərlə səyyar görüşləri davam edir

Lənkəranda icra başçısının sakinlərlə səyyar görüşləri davam edir

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü Şağlakücə kəndində keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, görüşdə İcra başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, bir sıra idarə, müəssiə və aparıcı təşkilatların rəhbərləri iştirak ediblər.

Lənkəran ŞİH başçısının Şağlakücə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yədulla Yədullayev əraziyə daxil olan Şağlakücə və Bəlləbur kəndlərinin əhalisi, onların məşğuliyyəti, mövcud sosial obyektlər barədə məlumat verib, bir sıra çatışmazlıqları İcra başçısının diqqətinə çatdırıb.

Şağlakücə bələdiyyəsinin sədri Təvəkkül Məlikov ərazidə aparılan abadlıq və səliqə-səhman işləri haqqında məlumat verib.

Sonra kənd sakinlərinin təklifləri dinlənilib. Şağlakücə kənd sakini Sədaqət Qurbanov kəndə təbii qaz xəttinin çəkilişinə görə ilk növbədə cənab Prezident İlham Əliyevə və İcra başçısı Taleh Qaraşova minnətdarlığını bildirib, kəndara yollarının asfaltlaşdırılmasını xahiş edib. Şağlakücə kənd həkim ambulatoriyasının baş həkimi Hüsniyyə Kərimova tibb məntəqəsinə qaz və telefon xətlərinin çəkilməsini, Bəlləbur kənd məktəbinin müəllimi Bahəddin Mirzəyev məktəb binasının əsaslı təmirə ehtiyacı olduğunu, Şağlakücə kənd məktəbinin müəllimi Umud Əhədov kənddə işıq dirəklərinin köhnəldiyini diqqətə çatdırıblar.

Bələdiyyə üzvü Maqsud Axundov Şağlakücə kəndində yeni yaşayış massivinə qaz xəttinin çəkilməsinin zəruriliyini vurğulayıb.

Şağlakücə məktəbinin direktoru Ziyafət Ağayev Lənkəranda aparılan genişmiqyaslı tikinti, quruculuq və yenidənqurma işlərinə görə dövlət başçısına bütün ərazi sakinləri adından minnətdarlıq edib, Lənkəranın əvvəlki şöhrətini geri qaytarılması istiqamətində gördüyü işlərə görə hörmətli Taleh Qaraşova bütün sakinlər adından uğurlar arzulayıb.

Daha sonra şəxsi xahişlə İcra başçısına müraciət olunub.

Görüşü yekunlaşdıran Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov hamını salamlayaraq, onların şəxsində bütün kənd sakinlərinə ən səmimi və xoş arzularını çatdırıb. Bu ərazidə əhali ilə artıq ikinci dəfə görüş keçirdiyini vurğulayan İcra başçısı ötən görüş zamanı əhali tərəfindən qaldırılan təkliflərin xeyli hissəsinin icra edildiyini, kəndə təbii qaz xəttinin çəkildiyini, hazırda bu sahədə işlərin sürətlə davam etdirildiyini bildirib.

Son bir il ərzində rayonda qazlaşdırma prossesinin sürətlə həyata keçirildiyini, yeni layihələrdən olan həm şəhər, həm də şəhərətrafı 12 yaşayış məntəqəsini əhatə edən yeni su-kanalizasiya sisteminin qurulmasını, yol infrastrukturunun yenilənməsini diqqətə çatdıran İcra başçısı bu sahədə işlərin dinamik davam etdirildiyini xüsusi vurğulayıb.

Taleh Qaraşov daha sonra qeyd edib ki, İcra Hakimiyyətinin qapıları bütün vətəndaşların üzünə açıqdır. Bu, cənab Prezident İlham Əliyevin bizə verdiyi ciddi tapşırıqdır ki, əhalinin qayğı və problemləri daim diqqət mərkəzində saxlanılır. Ölkəmizin iqtisadi gücü, qüdrəti gündən-günə artır. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ictimai-siyasi sabitlik, əmin-amanlıq hazırda dövlət başçımız tərəfindən uğurla davam etdirilir və daha da möhkəmləndirilir. Azərbaycan tolerant, demokratik dövlətdir. Azərbaycan artıq beynəlxalq tədbirlərin keçirildiyi ölkəyə çevrilmişdir. Hər il İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumu aprel ayında Bakıda keçiriləcək. Bütün bu uğurlar cənab Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.

İcra başçısı sonda ərazidə yaşayan əhalinin bu il keçiriləcək prezident seçkilərində öz siyasi fəallığını bir daha nümayiş etdirərək cənab Prezident İlham Əliyevin namizədliyini

yekdilliklə dəstəkləyəcəyinə əminliyini vurğulayıb, bugünkü görüş zamanı səsləndirilən təkliflərin tezliklə həllini tapacağını söyləyib.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə