Bu gün Bakı şəhər Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və "Gənclərin Töhfəs" İctimai Birliyi bir qrup gənclərlə birgə Quba Soyqırımı məzarlığına ekskursiya edir. SİA-nın xəbərinə görə, ekskursiya zamanı gənclərə 1918-ci ilin 31 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar haqqında məlumat verilib.
Qeyd olunub ki, soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini uşaqdan böyüyədək qətlə yetirib.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilib. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılıb və uçurulub. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılıb, əhalisi məhv edilib.
1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək məhv edilib.
Tədbir zamanı həmçinin vurğulanıb ki, erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv edib, 3257 kişi, 2276 qadın və 2196 uşağı öldürüblər. Bütövlükdə bu qəza üzrə 10068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50000 azərbaycanlı qaçqın düşüb.
Bununla yanaşı İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı məhv edilib, kəndlər isə yerlə yeksan olunub. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılıb, əhalisi məhv edilib.
Qeyd edək ki, Azərbaycan Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB