Lənkəranda soyqırımı qurbanlarının xatirəsi anılıb

Lənkəranda soyqırımı qurbanlarının xatirəsi anılıb

31 Mart – Azərbaycanlıların soyqırımı günü Lənkəranda da dərin hüznlə anılıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, martın 30-da Lənkəran Şəhər İcra Hakimiyyətinin iclas zalında soyqırımı günü ilə əlaqədar ümumrayon toplantısı keçirilib.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Toplantını giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov erməni millətçiləri tərəfindən 1905-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı törədilmiş etnik təmizləmə və deportasiya siyasətindən, onların "dənizdən dənizə böyük Ermənistan" yaratmaq iddiasından, 1918-ci ilin mart qətliamından söhbət açıb. İcra başçısı daha sonra azərbaycanlıların soyqırımı hadisəsinə ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin hüquqi-siyasi qiymət verməsindən, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərimizin misilsiz xidmətlərindən bəhs edib, indiki dönəmdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu xarici siyasətin bəhrələrindən danışıb.

Sonra Lənkəran Dövlət Universiteti tarix və fəlsəfə kafedrasının baş müəllimi Kamal Mahmudov "31 mart Azərbaycanlıların soyqırımı günüdür" mövzusunda məruzəsi dinlənilib.

Natiq məruzəsində qeyd edib ki, 1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı siyasətinin ən dəhşətli təzahürlərindən biri olub. Erməni daşnakları 3 gün ərzində Bakıda 12 min azərbaycanlının həyatına son qoymuş, qocaları, qadınları və uşaqları amansızcasına qətlə yetirmiş, qiymətli tarixi abidələri məhv etmişlər. Qubada, Xaçmazda, Şamaxıda, Lənkəranda, Kürdəmirdə və digər bölgələrdə də bu cür faciələr törədilib.

Məruzə ətrafında müzakirələrdə Gərmətük qəsəbə sakini Sərhad Məmmədov, Mamusta kənd sakini Şakir Qasımov və Lənkəran şəhər 10 saylı tam orta məktəbinin müəllimi Zəhra Abdullayeva çıxış edərək erməni-daşnak millətçilərinin Lənkəran şəhərinin mərkəzində, ayrı-ayrı kəndlərində törətdikləri qanlı qırğınlardan danışıblar.

Martın 30-da erkən saatlarından rayon əhalisi soyqırım zamanı qətlə yetirilən azərbaycanlıların xatirəsini yad etmək üçün şəhərimizdə soyqırım qurbanlarının xatirəsinə salınan parkın qarşısına toplaşıblar.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, hüquq-mühafizə orqanlarının, rayonun icra strukturlarının, idarə və müəssisələrin rəhbərləri, pedaqoji kollektivlər, hərbi hissələrin əsgərləri və ictimaiyyətin nümayəndələri növbə ilə soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, günahsız olaraq qətlə yetirilən minlərlə azərbaycanlının xatirəsini dərin hüznlə yad ediblər.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə