“Şərqi-rus”un 110 illiyi qeyd olundu

“Şərqi-rus”un 110 illiyi qeyd olundu

Bu gün Azərbayacan Mətbuat Şurasında "Şərqi-Rus" qəzetinin 110 illik yubileyi ilə bağlı tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə milli mətbu irsimizin araşdırılmasında xidmətləri olan mütəxəssislər, aparıcı KİV-lərin rəhbərləri, ali məktəblərin jurnalistika fakültəsinin müəllimləri və tələbələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbayacan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbir iştirakçılarına "Şərqi-Rus" qəzetinin yaranması və fəaliyyəti barədə məlumat verərək bildirib ki, "Kəşkül" qəzeti bağlandıqdan sonra Tiflisdə Azərbaycan dilində mətbuat orqanı yaratmaq üçün bir neçə dəfə təşəbbüs göstərilib: "1902-ci ildə Məhəmməd ağa Şahtaxtinski xaricdən Rusiyaya qayıtdıqdan sonra öz doğma Şahtaxtı kəndindəki ata mülkünü sataraq Tiflisə köçür. Burada mətbəə təşkil edir. Yeni qəzet çıxarmaq üçün hökumətə ərizə verir. Nəticə etibarı ilə 1903-cü ilin əvvəllərində Məhəmməd ağa Şahtaxtinski məqsədinə nail olur. Beləliklə "Şərqi – rus" qəzetinin birinci nömrəsi 1903-cü il martın 30-da çap olunur. Əvvəllər o, həftədə üç dəfə buraxılırdı. 1904-cü il iyunun 8-dən etibarən gündəlik qəzetə çevrilir".

Daha sonra çıxış edən mətbuat tədqiqatçısı professor Şirməmməd Hüseynov isə bildirdi ki, "Şərqi – rus" qəzeti Azərbaycanda ictimai fikrin inkişafı tarixində mühüm yerlərdən birini tutub: "Bu qəzet XX əsrin ilk Azərbaycan qəzetidir, həm də ilk gündəlik Azərbaycan qəzetidir. Bu qəzetin səhifələrində müxtəlif xalqların nümayəndələri iştirak edirdilər. Onu "Əqsayi şərqdən Çin hüdudlarınadək yayılan, din ayrı, dil ayrı ziyalıların qabaqcıl fikirlərinin "vıstavkası" adlandırırdılar.

Qəzetdə əlifbanın yeniləşdirilməsi, hicab məsələsi, maarifin yayılması, məktəblərdə tədrisin yaxşılaşdırılması kimi məsələlər qaldırılırdı. Lakin qəzet getdikcə müəyyən məsələləri dolaşıq, dumanlı şəkildə oxucuya çatdırmaq yoluna qədəm qoydu. Məsələn, milli bərabərlik və azadlıq, dil birliyi, söz və fikir azadlığı kimi məsələlər barəsində mücərrəd yazılar verdi. Ərəb əlifbasını islah etməkdə Mirzə Fətəli Axundovun işini davam etdirməyə çalışması M.Şahtaxtinskinin müsbət təşəbbüsü olsa da özünün təklif etdiyi layihənin ciddi nöqsanları onu bu sahədə müvəffəqiyyətsizliyə uğratdı. "Tərcüman" qəzetinin redaktoru İ.Qasprinskinin əlifba məsələsi üstündə M.Şahtaxtinskinin kəskin tənqid etməsi də "Şərqi rus"u xeyli nüfuzdan saldı. Bəzi hallarda qəzet liberal mövqe tuturdu. Bunu hər şeydən əvvəl dövrlə əlaqələndirmək lazımdır. "Şərqi – rus" həm inqilabi mübarizənin qızışdığı, həm də mürtəce hakim təbəqələrin təzyiqinin artdığı bir zamanda buraxılırdı. Bununla yanaşı, "Şərqi-rus" qəzetinin Azərbaycan mətbuatı tarixində xidmətləri böyükdür. Bunlardan biri də Cəlil Məmmədquluzadə kimi görkəmli bir jurnalistin üzə çıxarılmasıdır".

Qeyd edək ki, Şərqi-rus" qəzetinin axırıncı nömrəsi 1905-ci il yanvarın 15-də buraxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə