Məcburi köçkünlərin problemi prioritet məsələdir REAKSİYA

Məcburi köçkünlərin problemi prioritet məsələdir REAKSİYA

Məlumdur ki, Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluqlarının imkan daxilində təmin edilməsi, digər problemlərinin həlli istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi sahəsində gördüyü işlər nəinki təkcə ölkə ictimaiyyəti, həmçinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilməklə oxşar problemlə üzləşən ölkələrə nümunə kimi qiymətləndirilir.

Elə bunun özü bir daha deməyə əsas verir ki, dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən ölkənin bir saylı problemi kimi elan olunmuş qaçqın və məcburi köçkün problemi prioritet məsələ kimi, bu gün də dövlətin və dövlət başçısının gündəlik diqqət mərkəzindədir. Məhz bütün bunların nəticəsidir ki, indiyədək müxtəlif ərazilərdə bütün sosial-texniki infrastrukturu ilə birlikdə 77 müasir tipli qəsəbə salınıbş, 140 min qaçqın və məcburi köçkün bu qəsəbələrə köçürülüb və bu istiqamətdə işlər indi də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na və həmin proqrama edilmiş əlavələrə uyğun olaraq mərhələli şəkildə davam etdirilir.

Komitədən SİA-ya verilən məlumatda bildirilir ki, bütün bunlar göz qabağındadır. Əfsuslar olsun ki, görülən işləri görməzliyə vurmağa, bəzən məcburi köçkünlərin düşdükləri vəziyyyətdən şəxsi mənafeləri və ambisiyaları naminə yararlanmağa çalışan, bununla da özlərinə məxsus şəkildə bu soydaşlarımız arasında narazılıq toxumu səpməyə cəhd göstərənlər də tapılır və onlar sağlam düşüncədən, məntiqdən uzaq düşərək reallığa əsaslanmadan, məsələnin fərqinə varmadan, belə demək mümkünsə, söz demək xatirinə bəlli problemi sadalamaqla öz əqidələrinə uyğun mətbuat səhifələrinə çıxarmaqdan belə çəkinmirlər. Elə bu günlərdə bəzi müxalifət qəzetlərində dərc edilən "Qaçqınkom" 800 ailəni taleyin ümidinə buraxıb" sərlövhəli sızma-qarada olduğu kimi. Yazıda Tərtər rayonu ərazisindəki qəsəbədə məskunlaşmış məcburi köçkünlərin ağır durumundan, guya onlara heç bir qayğı və diqqət göstərilmədiyindən, bir sözlə, yazı müəllifinin təbirincə desək, onların taleyin ümidinə buraxıldığından danışılır və eyni fikirlər bir-birini əvəzləyir.

Əvvəla qeyd edək ki, adıçəkilən ərazidə məskunlaşan məcburi köçkünlərin ağır durumu bu yazı müəllifinin özünəməxsus "canfəşanlığı" olmadan da hər kəsə bəllidir və bunu heç kim inkar etmir. İkincisi bəlli bir həqiqətə müxtəlif don geydirərək məqsədi başqa səmtə yönəltməyin, özünü "canıyanan" kimi göstərməyin özü elə riyakarlığın bariz nümunəsidir. Ona görə ki, yazı müəllifi "Bizimlə söhbətdə köçkünlər hökumətin onları unutduğunu dedilər" ifadəsini, eləcə də digər problemləri özünəməxsus qaydada sadalamazdan əvvəl həqiqətə söykənərək müvafiq qurumla əlaqə saxlayıb hər şeyə aydınlıq gətirə, hökumətin onların problemlərinin həlli istiqamətində gördüyü və qarşıya qoyduğu vəzifələri tam aydınlaşdıra bilərdi. Lakin görünür, ona belə sərf edib.

Ancaq həmin yazı müəllifinə xatırlatmağı özümüzə borc bilirik və bir daha təkrar edirik ki, adıçəkilən ərazidə məskunlaşmış məcburi köçkünlərin problemini "Dövlətqaçqınkom"da da yaxşı bilirlər və Komitənin rəhbərliyi, məsul əməkdaşları dəfələrlə həmin ərazidə olublar, problemlərlə yerində maraqlanıblar, onların aradan qaldırılması üçün müxtəlif vaxtlarda, müxtəlif tədbirlər həyata keçirilib və belə ağır durumdan çıxmaq üçün nəticədə doğma ocaqlarına qayıdanadək digər ərazilərdə məskunlaşan soydaşlarımız kimi, bu ərazidəki məcburi köçkünlər üçün də yeni qəsəbə salınması qərara alınıb və təbii ki, bütün bu işlər mərhələli şəkildə, müvafiq proqrama uyğun həyata keçirilir. Belə ki, yuxarıda adı çəkilən Dövlət Proqramına edilmiş əlavələrə uyğun olaraq həmin ərazidə məskunlaşmış məcburi köçkünlər üçün yeni qəsəbə salınması nəzərdə tutulmuş, artıq bunun üçün müvafiq torpaq sahəsi ayrılmış və layihələndirmə işləri başa çatdırılmışdır ki, yaxın vaxtlarda bu işlərə də başlanılacaqdır. Bununla onların da sosial-məişət problemləri öz həllini tapacaq və həmin yazı müəllifindən fərqli olaraq məcburi köçkünlərin narahatlığına son qoyulacaq. Bu cür "canıyananlara" isə məcburi köçkünlərin heç bir ehtiyacı olmayıb və bundan sonra da olmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə