Bu gün Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təmin olunmasında xüsusi yeri və rolu olan milli təhlükəsizlik orqanlarının yaranmasından 94 il ötür. MTN-dən SİA-ya verilən məlumata görə, peşə bayramı münasibətlə general-leytenant Eldar Mahmudov başda olmaqla Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Fəxri Xiyabana gələrək, Azərbaycanın təhlükəsizlik orqanlarının əzəli və fəxri rəhbəri, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin əsaslarını qoymuş, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin milli maraqların və təhlükəsizliyin etibarlı təminatçısı kimi formalaşmasında misilsiz xidmətləri olan Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstəsi düzülüb.
Sonra Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın unudulmaz xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş və burada dəfn edilmiş milli təhlükəsizlik orqanlarının əməkdaşlarının da xatirəsi yad edilmiş, məzarları üzərinə gül dəstələri düzülüb.
Bayram mərasimi Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında davam edib. Akademiyanın döyüş bayrağı təntənəli şəkildə sıra meydanına gətirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.
Milli təhlükəsizlik naziri Eldar Mahmudov Ulu öndər Heydər Əliyevin peşəkarlıq ənənələri əsasında müasir təlim-tədris prosesini həyata keçirən bu ali təhsil ocağının şəxsi heyətini, dinləyiciləri və kursantları Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 94-cü ildönümü münasibətilə təbrik edib, onlara ölkəmizin milli maraqlarının və təhlükəsizliyinin qorunması naminə xidmətdə, təhsildə, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Eldar Mahmudov mərasimdə çıxış edərək milli təhlükəsizlik orqanlarının bütün şəxsi heyətini və veteranları, ulu öndərin şərəfli məktəbinin davamçılarını peşə bayramı münasibəti ilə təbrik edib.
Nazir inkişaf istiqamətləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş Azərbaycan Respublikasının ötən ildə ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında qazanılan uğurların ölkənin beynəlxalq nüfuzunu daha da artırdığını bildirib. Bu inkişaf kursunun həyata keçirilməsində Milli Təhlükəsizlik Nazirliyinin də yaxından iştirakı, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyəti milli maraqlarımızın qorunmasına xidmət edir. Habelə, Azərbaycanın sağlam investisiya və təhlükəsizlik mühitinə malik ölkə və etibarlı tərəfdaş imicinin möhkəmlənməsinə öz töhfəsini verir.
Nazir E. Mahmudov eyni zamanda milli təhlükəsizlik orqanlarına olan qayğısına görə ölkə rəhbərinə minnətdarlığını çatdıraraq bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənələrinə sadiq olan Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycanın dinamik inkişaf edən və qüdrətlənən dövlətə çevrilməsi yolundakı əzmkar fəaliyyətində daim ən yaxın silahdaşı olacaqdır.
Sonra təbrik sözü ilə çıxış edən Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçısının şəxsi heyətə təbriklərini çatdırıb, dövlətçiliyin, milli maraqların qorunmasında və təhlükəsizliyin təmin olunmasında Milli Təhlükəsizlik Nazirliyinin rolunun yüksək qiymətləndirildiyini vurğulayıb.
Yığıncaqda Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının rəisi general-leytenant Ziya Yusifzadə çıxış edərək bildirib ki, müasir dünyanın ən inkişaf etmiş xüsusi xidmət orqanlarının bərabər səviyyəli və etibarlı tərəfdaşına çevirilmiş Milli Təhlükəsizlik Nazirliyi müasir maddi-texniki bazaya, bacarıqlı və peşəkar kadrlara malikdir. Ulu öndər Heydər Əliyevin adını şərəflə daşıyan Akademiya da xüsusi xidmət orqanlarının ümumi fəaliyyətinin uğurla həyata keçirilməsində bütün potensialını və səylərini səfərbər edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə mərasim iştirakçıları adından müraciət qəbul olunub.
Mərasimdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi və təltif olunmaları barədə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 mart tarixli sərəncamları elan olunub.
Qeyd edək ki, xidmətdə fərqlənmiş əməkdaşların təhlükəsizlik orqanlarının veteranlarına qiymətli hədiyyələr təqdim edilib.
Tədbirin sonunda isə sənədli film nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB