MTN 11 nəfəri ifşa etdi

Son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 11 nəfər ifşa edilib.

MTN-dən SİA-ya verilən məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində "İran-Azərbaycan-Rusiya" marşrutu üzrə narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı İsmayılov Asif Eyyub oğlu Dağıstan Respublikasında saxlanılıb, İrandan Rusiyaya göndərilən içərisində kartof kisələri olan yük avtomobilinə keçirilmiş baxış nəticəsində 36 kiloqram 200 qram həşiş aşkarlanıb.

Digər əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşları - Ağayev Rasim Mirzə oğlu və Şəbiyev Anar Çingiz oğlu saxlanılıb, onlardan 6 kiloqramdan artıq heroin və 2 kiloqram 965 qram tiryək, vətəndaş Hüseynov Namiq Əkbərağa oğludan 2 kiloqram 192 qram tiryək, Əliməmmədov Nazim Süleyman oğludan isə 200 qramdan artıq müxtəlif növ ağır tərkibli narkotik vasitələr, aşkarlanaraq götürülüb.

Növbəti əməliyyat tədbiri nəticəsində Azərbaycanın Astara rayonunun Sim kəndi ərazisində İran istiqamətindən dövlət sərhədini qanunsuz keçmiş İran İslam Respublikasının vətəndaşı Ruhi Dilavər Mətləb oğludan 2 kiloqram 50 qram həşiş qətranı aşkarlanıb.

MTN-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində müəyyən edilib ki, Rafiq Tahirov və Babayev Rəhim, habelə hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının Behzad adlı vətəndaşı qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə olan - 48,20 qram çəkidə 205 ədəd metadonu qaçaq yolla gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətiriblər.

Mart ayının 17-də isə həyata keçirilmiş əməliyyat tədbiri ilə Azərbaycan Respublikasının vətəndaşları - Qasımov Sakit Böyükkişi oğlu, Qasımov Habil Böyükkişi oğlu və Ağayev Natiq Mirağa oğludan 8 kiloqramdan artıq heroin, 1 kiloqrama yaxın tiryək, 303 qram maye halında narkotik vasitə olan amfetamin aşkarlanaraq götürülüb.

Qeyd edək ki, bütün faktlarla bağlı cinayət işləri başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə