Lənkəran-Lerik yolunda sürüşmə baş verib Son məlumat

Lənkəran-Lerik yolunda sürüşmə baş verib Son məlumat

Lənkəran-Lerik yolunun 17-ci km-də baş verən torpaq uçqunun fəsadlarının qısa zamanda tam aradan qaldırılması mümkün deyil. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, uçqunun nəticələri qismən aradan qaldırılıb. Lerik rayon 43 saylı yol istismar idarəsinin rəisi Elxan Əliyev bildirib ki, miqyasına görə ən böyük torpaq uçqununun baş verdiyi ərazidə hazırda işlər davam etdirilir. Kollektivin səyi nəticəsində yolda hərəkət qismən bərpa olunsa da, yolu tamamilə qaya parçalarından və torpaqdan təmizləmək mümkün olmayıb. Buna səbəb kimi, üçqunun miqyasının geniş olmasıdır. Yolda normal gediş-gəlişi təmin etmək üçün böyük işçi qüvvəsi və texnikaya ehtiyac olması barədə müvafiq qurumlar xəbərdar edilib. Elxan Əliyev daha sonra bildirib ki, yolun tam bərpasına iki həftədən artıq vaxt lazımdır.

Qeyd edək ki, martın 21-i gecə saat 4 radələrində Lənkəran-Lerik yolunun 17-ci km-də baş verən torpaq uçqunu nəticəsində magistral yol bir müddət bağlı qalıb. Nəticədə Lənkərandan Lerikə və əks istiqamətdə avtomobillərin hərəkəti tamamilə dayanıb. Lakin martın 21-i saat 11 radələrində yol təmizlənərək avtomobillərin hərəkəti fasilələrlə bərpa olunub.

Əlavə edək ki, Lənkəran-Lerik yolunun 17-ci kilometrliyində bundan öncə də bir neçə dəfə uçqunlar baş verib. Lakin, mütəxəsislərin fikrincə, miqyasına görə bu dəfəki uçqun digərlərinə nisbətən daha böyükdür.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə