Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək

Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş uşaqlarla bağlı
Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş uşaqlarla görüş keçirilib. Millət vəkilləri Qənirə Paşayeva və Elman Məmmədovun, Qarabağın Azərbaycanlı icmasının nümayəndəsi Orxan Əkbərovun iştirakı ilə keçən görüşdə millət vəkili Qənirə Paşayeva Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərova onların təklifini nəzərə alaraq belə bir görüşün keçirilməsi üçün təşəkkür edib və bildirib ki, Xocalı Soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların, bu gün isə artıq gənc insanlar olan 25 nəfərin problemlərinin həlli istiqamətində nazirlik əlindən gələn dəstəyi göstərəcək. O, bildirib ki, hər iki valideyni şəhid olan bu gəncləri 18 yaşına çatdıqdan sonra şəhid ailəsi statuslarını itirmələri narahat edir və onlar da şəhid ana-ataları, həyat yoldaşları kimi ömürlərinin sonuna qədər şəhid ailəsi statusunun onlara şamil olunmasını istəyirlər.

Millət vəkilləri Qənirə Paşayeva və Elman Məmmədov həmçinin Xocalı Soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfərin ciddi mənzil problemlərinin olduğunu deyərək onların mənzillə təmin olunmasının vacibliyini vurğulayıblar. Şəhid ailələrinin daim dövlət başçısı İlham Əliyevin diqqət mərkəzində olduğunu deyən millət vəkilləri Xocalı Soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfərin mənzil və məşğulluq məsələlərinin qısa zamanda öz həllini tapacağına inandıqlarını da bildiriblər. Sonra Xocalı Soyqırımı zamanı hər iki valideynini itirmiş gənclər çıxış ediblər və geniş fikir mübadiləsi aparılıb. Gənclər ölkə başçısı İlham Əliyevin Xocalı Soyqırımının tanınması istiqamətində dünyada apardığı işlərə görə təşəkkürlərini bildirib və onları narahat edən problemləri nazirin diqqıtinə çatdırıblar. Əsasən mənzil və məşğulluqla bağlı məsələlər qaldıran gənclər şəhid ailəsi statusunu 18 yaş bitdikdən sonra da daşımalarının onlar üçün ilk növbədə mənəvi məsələ olduğunu detiblər və bu məsələnin həll olunmasını xahiş ediblər.

Bütün fikirləri dinləyən və geniş fikir mübadiləsi aparan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov bildirib ki, Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 uşağın mövcud problemlərinin həlli ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək.

O bildirib ki, təkliflərdə həmin uşaqların mənzillə, işlə təmin edilməsi, onlara şəhid övladı statusunun verilməsi və digər məsələlər öz əksini tapacaq. Nazirin sözlərinə görə, neçə illər keçməsinə baxmayaraq bu gün də müəyyən çətinliklər içərisində yaşayan uşaqların problemlərin həlli üçün müvafiq dövlət qurumları lazımi işlər görməlidir: "Müəyyən işləri görmək üçün qanunvericilikdə hansısa dəyişikliyin edilməsini və ya müvafiq qərarların verilməsini gözləmək lazım deyil. Hər kəs öz üzərinə düşən işi həll etməlidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, işlə təmin olunması istiqamətində müvafiq işlər görüləcək. Bundan əlavə, 25 uşağın problemləri hər zaman nazirliyin diqqətində olacaq. Lazım olduqca onlara lazımi köməkliklər ediləcək. Görüşün sonunda Xocalı Soyqırımı zamanı hər iki valideynini itirmiş 25 nəfərin Novruz bayram təbrik olunub və onlara hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə