Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Aparat rəhbəri Vilayət Hüseynovun rəhbərlik etdiyi dövlət qulluqçularından ibarət nümayəndə heyəti Türkiyəyə səfər edib. Qurumdan SİA-ya verilən məlumata görə, səfər "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı"na əsasən həyata keçirilib.
Nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Hesablama Palatası, Gənclər və İdman Nazirliyi, Ədliyyə Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələri olub.
Səfərin məqsədi 2 ölkə arasında dövlət qulluğu sahəsində dəstək və təcrübə mübadiləsinin aparılması, idarəçiliyin təkmilləşdirilməsi olub. Səfərin ilk günü azərbaycanlı dövlət qulluqçuları Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib və böyük öndərin xatirəsini yad ediblər.
Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Ali Kumbuzoğlu ilə görüşüblər. Görüşdə iki qardaş ölkə arasında dövlət qulluğu sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib və vurğulanıb ki, təcrübə mübadiləsinin aparılması məqsədi ilə təşkil olunan qarşılıqlı səfərlər əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək. Növbəti günlərdə azərbaycanlı dövlət qulluqçularına Türkiyənin dövlət idarəetmə və dövlət qulluğu sistemi, həmçinin bu ölkənin Dövlət Kadrlar İdarəsinin, Sosial Güvənlik Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Ədliyyə Nazirliyinin və Sayıştayın (Hesablama Palatası) fəaliyyəti ilə bağlı təqdimatlar edilib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri təmsil etdikləri dövlət orqanlarına uyğun olan dövlət qurumlarında olub və onların fəaliyyəti ilə bilavasitə yerində tanış olublar.
Səfərin sonuncu günündə Azərbaycan nümayəndə heyəti Türkiyənin Nevşəhər İlinə (vilayətinə) səfər ediblər. Səfər zamanı heyət üzvləri Nevşəhər Valiliyinin fəaliyyəti, həmçinin vilayətin zəngin mədəniyyəti və tarixi ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB